Yaxud, iki il əvvəl QHT Agentliyinin hədiyyə etdiyi kiçik ting bu gün bar verir
Nadir İSMAYILOV – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin (CASCFEN) sədri
BAYRAQDAR MEDİA – Dəyərli oxucular, QHT camiəsi və fəaliyyətimizi yaxından izləyən ictimaiyyət yaxşı bilir ki, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qeyri-hökumət təşkilatlarına göstərdiyi xüsusi diqqət və qayğı, eləcə də QHT-lərlə bağlı dövlət siyasətinin həyata keçirilməsinə məsul olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti barədə dəfələrlə yazmışıq. Bu sahədə görülən işləri təqdir etmişik.
Bu dəfə isə məni köşə yazmağa başqa bir hadisə vadar etdi.
Dünən, yəni sentyabrın 1-də Jurnalistlər binasının həyətinə, daha dəqiq desək, mənzilimizin qarşısındakı kiçik yaşıllıq sahəsinə baxarkən gözüm kiçik zeytun ağacına sataşdı. Bir anlıq dayanıb ağaca diqqətlə baxdım.
Zeytun ağacı bar vermişdi.
Bəlkə də kimsə üçün bu, adi bir hadisədir. Mənim üçün isə həmin anın tamam başqa bir mənası vardı. Çünki bu, adi bir zeytun ağacı deyildi. Bu ağacın hekayəsi iki il əvvələ – 2024-cü ilin iyununa, Zəngilanda keçirilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”na gedib çıxırdı.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilən həmin Forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuşdu. Forum maraqlı müzakirələrlə yanaşı, Azərbaycan QHT-lərinin Prezidentə ünvanladığı “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciəti” ilə də yadda qaldı. Həmin müraciətdə Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən quruculuq işləri, bu ərazilərin yaşıl enerji zonalarına çevrilməsi yüksək qiymətləndirilirdi.
Amma Forumun yaddaşımda xüsusi yer tutan başqa bir məqamı da var – Sonda iştirakçıların hər birinə üzərində QHT Agentliyinin loqosu olan, xüsusi zövqlə hazırlanmış zeytun tingləri hədiyyə edildi. Bu seçim təsadüfi deyildi. Zeytun minillərdir sülhün, əmin-amanlığın və həyatın simvoludur. “Yaşıl dünya naminə həmrəylik” ideyasının ifadəsi olaraq bizə təqdim edilən həmin kiçik tinglər, əslində, böyük bir mesaj daşıyırdı: yaşatmaq, qorumaq, böyütmək və gələcəyə ötürmək.
Mən də həmin tingi Bakıya gətirib Jurnalistlər binasının həyətində əkdim. Sonrakı aylarda onun böyüməsini izlədim. Bəzən sosial şəbəkədə bu barədə paylaşım etdim. Yaşıl yarpaqlar açanda sevindim, bir az böyüyəndə yenə şəkil çəkdim. Çünki ağacın böyüməsini izləmək, əslində, bir az da ümidin böyüməsini izləməyə bənzəyir.
Qeyd edim ki, bu ağacın böyüməsi asan olmayıb. Jurnalistlər binasının həyətində ağac yetişdirməyin nə qədər çətin olduğunu burada yaşayanlar yaxşı bilir. Torpaq elə də münbit deyil. Bəzən quraqlıq, bəzən sərt şərq küləkləri, bəzən də iqlim şəraiti ağac üçün ciddi sınaq yaradır. Lakin o balaca ting, indiki kiçik zeytun ağacı bütün bunlara baxmayaraq dayandı. Kök saldı. Yaşadı. Böyüdü. Və nəhayət… bar verdi.
Məncə, bu kiçik ağacın həyatında böyük bir simvolika var. Çünki həyatda bəzi hadisələr özündən daha böyük məna daşıyır. Bu zeytun ağacı mənim üçün ilk növbədə Azərbaycanın sülh arzusunun kiçik, amma canlı simvoludur. Zeytun budağı necə sülh rəmzidirsə, bu ağacın Zəngilandan Bakıya gətirilməsi də Azərbaycanın keçdiyi yolun bir növ kiçik hekayəsidir. Bu gün işğaldan azad edilmiş torpaqlarda yeni həyat qurulur. Ağaclar əkilir. Meşələr salınır. Yaşıl enerji layihələri həyata keçirilir. Şəhərlər, kəndlər yenidən qurulur.
Məhz buna görə Zəngilandan gətirilmiş həmin tingin bu gün Bakıda bar verməsi mənə çox şey deyir. O ting Zəngilandan gəlmişdi. Zəngilan isə bir vaxtlar işğalın, dağıntının, köçkünlüyün və müharibənin ağrısını yaşamış torpaqlardan biridir. Bu gün isə orada bizə hədiyyə verilmiş və Bakıya gətirib əkdiyimiz zeytun ağacı sülhün meyvəsini verir.
Hesab edirəm ki, burada dövlət – QHT əməkdaşlığının da ayrıca bir simvolikası var. Çünki həmin ting bizə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən Forumda hədiyyə edilmişdi. Deməli, iki il əvvəl dövlət – QHT əməkdaşlığının, həmrəyliyin və “Yaşıl dünya” ideyasının rəmzi kimi təqdim edilən kiçik bir ting bu gün artıq bar verir. Bu mənada həmin kiçik zeytun ağacına baxarkən bir fikri düşünürəm: Düzgün əkilən toxum gec-tez öz bəhrəsini verir. Və, bu, ağaca da aiddir. Sülhə də. Həmrəyliyə də. Dövlət – QHT əməkdaşlığına da.
Elə Azərbaycanın uzun illər ərzində ədalətli sülh uğrunda apardığı mübarizənin nəticələrinə baxanda da eyni mənzərəni görürük. Uzun illər icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri vardı. Azərbaycan həmin qətnamələrin icrasını özü təmin etdi. İndi isə Güney Qafqazda yeni münasibətlər və yeni əməkdaşlıq imkanları üçün yol açılır. Azərbaycan – Ermənistan münasibətlərində sülh gündəliyi artıq əvvəlkindən daha real məzmun daşıyır. Və bu gün Prezident İlham Əliyevin beynəlxalq platformalarda verdiyi mesajların əsas istiqamətlərindən biri də məhz budur: Güney Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir.
Bu fikirlər səslənərkən mən yenə həmin balaca zeytun ağacını düşünürəm. Çünki ağac mənə çox sadə bir həqiqəti xatırladır. Sülh də ağac kimidir. Onu əkmək lazımdır. Qorumaq lazımdır. Köklənməsinə imkan vermək lazımdır. Küləklərdən qorumaq, quraqlıqda su vermək, zaman vermək lazımdır. Və bir gün onun budaqlarında ilk meyvələr görünür. Bu gün həmin meyvələri mən Jurnalistlər binasının həyətində görürəm. Kiçikdirlər. Yaşıldırlar. Amma mənim üçün çox böyük bir məna daşıyırlar. Onlar mənə Zəngilanı xatırladır. 2024-cü ildəki QHT Forumunu xatırladır. Azərbaycan QHT-lərinin həmrəyliyini xatırladır. Dövlət – QHT əməkdaşlığını xatırladır. Və ən əsası – sülhü xatırladır.
Arzum budur ki, Güney Qafqazda əkilən sülh toxumu da daha dərindən kök salsın. Bu torpaqlarda bir daha “müharibə ağacları” deyil, zeytun ağacları bitsin. Qarabağdan, Şərqi Zəngəzurdan başlayan quruculuq və yaşıl gələcək ideyası bütün regiona yayılsın. Azərbaycan torpağında yetişən bu kiçik zeytunlar dünyanın ehtiyac duyduğu böyük mesajın simvoluna çevrilsin:
Sülh mümkündür.
Əmin-amanlıq mümkündür.
Birlik və əməkdaşlıq mümkündür!










İlk şərhi yaza bilərsiniz