Son yeniləmə: 2 Sentyabr 2026
Baş nazir Ünal Üstel: İnfrasturuktur və nəqliyyat naziri Erhan Arıklı vəzifədən azad edilib
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi KKTC-də gəmi faciəsi baş verib. Sentyabrın 2-də isə Baş nazir Ünal Üstel mühüm qərar qəbul edib. Baş nazir Girnə sahillərində baş verən gəmi faciəsi ilə bağlı aparılan istintaqın heç bir şübhəyə yol verilmədən davam etdirilməsi məqsədilə Bayındırlıq və Nəqliyyat naziri Erhan Arıklını vəzifədən azad etdiyini açıqlayıb.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Bildirilib ki, Baş naziri Ünal Üstel Girnə sahillərində baş verən gəmi faciəsi ilə bağlı mətbuat konfransı keçirib.
Üstel bildirib ki, bu şərəfli ölkənin idarə olunması məsuliyyətini üzərinə götürdüyü ilk gündən etibarən xalqa xidmət etmək üçün dayanmadan və yorulmadan çalışıblar.
“Heç bir qüvvə, heç bir böhtan, heç bir qaralama məni bu yoldan döndərə bilmədi və döndərə bilməyəcək”, – deyə Baş nazir vurğulayıb.
Onun sözlərinə görə, əsas arzuları ölkəyə yaxşı xidmət etmək, xalqın etimadına layiq olmaq və uşaqlara təhlükəsiz şəraitdə yaşayacaqları gələcək bəxş etməkdir.
Üstel üçpartiyalı koalisiya hökuməti olaraq ölkənin illərdir yığılıb qalmış bir sıra fundamental problemlərini həll etdiklərini, mühüm investisiya və layihələri xalqın istifadəsinə verdiklərini bildirib.
Həyatını itirənlərin sayı 9-a çatıb
Ünal Üstel Girnə sahillərində baş verən qəza ilə bağlı mühüm bir yeniliyi də açıqlayıb. Baş nazir bildirib ki, axtarış-xilasetmə əməliyyatlarına qoşulan Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus “TCG Işın” və “TCG Alemdar” gəmilərinin batmış gəmidə apardığı araşdırmalar nəticəsində daha bir meyit tapılıb.
“Beləliklə, rəsmi məlumatlara əsasən, həyatını itirən vətəndaşlarımızın sayı 9-a yüksəlib, itkin düşənlərin sayı isə 19-a enib”, – deyə Üstel bildirib.
Onun sözlərinə görə, axtarış-xilasetmə işləri bütün imkanlardan istifadə edilməklə və Türkiyə Cümhuriyyətinin bütün dövlət qurumlarının güclü dəstəyi ilə fasiləsiz davam etdirilir.
Üstel qəzanın baş verdiyi ilk andan etibarən “Məsul şəxs kim olursa-olsun, bunun hesabını verəcək” dediklərini xatırladıb. Baş nazir bildirib ki, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla birlikdə Türk millətinə verdikləri açıq mesaj da məhz bundan ibarətdir.
“Erhan Arıklını vəzifədən azad etdiyimi özünə bildirdim”
Ünal Üstel Polis Baş İdarəsi və məhkəmə orqanlarının istintaqı heç bir şübhəyə yol vermədən apara bilməsi məqsədilə qəza ilə bağlı daha əvvəl qəbul edilmiş vəzifədən uzaqlaşdırma qərarlarının genişləndirilməsi barədə qərar verdiyini açıqlayıb:“Bu çərçivədə Bayındırlıq və Nəqliyyat nazirimiz cənab Erhan Arıklını vəzifədən azad etdiyimi özünə bildirdim. İcra hakimiyyətinin rəhbəri kimi vəzifəm istintaqın sağlam şəkildə aparılması və ictimai vicdanın rahatlığı üçün zəruri olan bütün inzibati tədbirləri görməkdir.”
Üstel bildirib ki, anasını, atasını, övladını və ya qardaşını itirən hər bir vətəndaşın ağrısını ilk növbədə bir ata və Baş nazir kimi ürəyində daşıyır.
O qeyd edib ki, Erhan Arıklının rəhbərlik etdiyi Bayındırlıq və Nəqliyyat Nazirliyi ilə bağlı Konstitusiyanın nəzərdə tutduğu müddəalar və verdiyi səlahiyyətlər çərçivəsində hərəkət ediləcək.
Bu, YDP-yə yönəlik siyasi qərar deyil
Baş nazir qərarın Yenidən Doğuş Partiyasına (YDP), partiyanın institusional kimliyinə və ya YDP-yə rəğbət bəsləyən insanlara qarşı siyasi qərar olmadığını xüsusi vurğulayıb.
Koalisiya tərəfdaşları ilə dörd il yarımdır birlikdə ölkəyə xidmət etdiklərini bildirən Üstel həyata keçirilən layihə və islahatlarda koalisiya tərəfdaşlarının da əməyinin olduğunu deyib.
“Cənab Erhan Arıklı ilə də dörd il yarım ərzində birlikdə çalışdıq, ölkəmiz naminə bir çox layihəyə birlikdə imza atdıq. Bu günədək ölkəmizə göstərdiyi xidmətlərə görə ona təşəkkür edirəm”, – deyə Üstel bildirib.






İlk şərhi yaza bilərsiniz