BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “monitorinqlər 14–25 sentyabr 2026-cı il tarixlərində respublikanın rayon və şəhərlərin müəyyən edilmiş ərazilərində aparılacaq. Tədbirlər çərçivəsində təsadüfi seçmə üsulu ilə kənd və qəsəbələrdə yerləşən fərdi və fermer arıçılıq təsərrüfatlarına baxış keçiriləcək, arı ailələrinin klinik vəziyyəti qiymətləndiriləcək və laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Monitorinqlər zamanı, həmçinin arıçılıq təsərrüfatlarında baytarlıq norma və qaydalarına əməl olunması vəziyyəti qiymətləndiriləcək, təsərrüfat sahibləri arasında maarifləndirmə tədbirləri həyata keçiriləcək”.
Daha sonra xəbərdə, “görülən tədbirlər arı xəstəliklərinin ölkə ərazisində yayılma risklərinin qiymətləndirilməsi, epizootoloji vəziyyətin mütəmadi izlənilməsi və zəruri hallarda müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsinə imkan verəcək. Tədbirlər AQTA-nın regional bölmələrinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssislərinin iştirakı və qarşılıqlı koordinasiyası ilə həyata keçiriləcək” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz