BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislərin, fermerlərin, sahibkarlıq subyektlərinin və tələbələrin bilik və bacarıqlarının artırılması, müasir yanaşmaların mənimsənilməsi və qabaqcıl təcrübənin tətbiqinin təşviqi məqsədilə həyata keçirilən genişmiqyaslı təlim proqramları davam edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub
Xəbərdə qeyd olunur ki, “bu çərçivədə KTN yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi (ATM) tərəfindən Lənkəran şəhərində “Heyvan xəstəlikləri: Erkən diaqnostika və mübarizə yolları” mövzusunda sahə üzrə mütəxəssislər üçün TOT (Təlimçilərin Təlimi) proqramı təşkil olunub. Təlimdə ATM, Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları, Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universitetinin müəllim heyəti, həmçinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri iştirak ediblər”.
Sonra xəbərdə, “ATM-in direktoru Rəşad Mehdizadə bildirilib ki, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması yalnız təsərrüfatların səmərəliliyi baxımından deyil, bütövlükdə qida təhlükəsizliyinin və ictimai sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır. R.Mehdizadə bu istiqamətdə baytar həkimlərin və heyvan sağlamlığı üzrə mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Onun sözlərinə görə, mürəkkəb elmi məlumatların fermerlərə sadə və anlaşılan formada çatdırılması, nəzəri biliklərin praktiki nümunələrlə əlaqələndirilməsi, praktiki məşğələlərin təşkili, iştirakçıların təlim prosesinə fəal cəlb edilməsi və təlimlər nəticəsində davranış dəyişikliyinin formalaşdırılması əsas hədəflərdəndir” deyə diqqətə çatdırılır.
Xəbərdə eləcə də bildirilir ki, “proqram Türkiyədən dəvət olunmuş beynəlxalq ekspert, professor Mustafa Hasöksüz və yerli mütəxəssis, biologiya üzrə fəlsəfə doktoru Vüsal Abbasov tərəfindən aparılıb. Təlim zamanı heyvan xəstəliklərinin erkən aşkarlanması və diaqnostikası, südlük inəklərdə yelin xəstəlikləri, virus infeksiyaları və digər infeksiyalardan qorunma yolları, peyvəndlər və onların yaratdığı immunitet, iri buynuzlu heyvanlarda reproduktiv problemlər və qısırlığın səbəbləri, həmçinin qan parazitar xəstəlikləri və iri və xırda buynuzlu heyvanlarda helmintozlar barədə məlumat verilib”.
Mövzular üzrə müasir laborator diaqnostika üsulları və xəstəliklərlə mübarizə tədbirləri izah olunub, iştirakçıların sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.






İlk şərhi yaza bilərsiniz