Press "Enter" to skip to content

“Sülh aylığı” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Sülh aylığı” çərçivəsində Şəki və Lənkəran rayonlarında maarifləndirmə tədbirləri təşkil edib.

Nazirliyin məlumatına görə, tədbirlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust – 21 sentyabr tarixlərinin “Sülh Aylığı” elan edildiyi bildirilib. Qeyd edilib ki, aylığın keçirilməsində məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.

Əmək münasibətlərində qarşılıqlı hörmətin, sosial dialoqun, bərabərliyin və təhlükəsiz əmək mühitinin təşviqinin də sülh, həmrəylik və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb.
Hər iki tədbirdə həmin bölgələrdə fəaliyyət göstərən dövlət və özəl sektora aid müəssisə və təşkilatların nümayəndələrindən ibarət 300-dək şəxs iştirak edib. Şəkidə keçirilən tədbirdə əmək qanunvericiliyi, o cümlədən əməkhaqqının ödənilməsi formaları, qaydaları və əməkhaqqından tutulmalar, əməyin mühafizəsi ilə bağlı mövzularda məlumatlar verilib. Əməkhaqqının ödənilməsi müddətləri, işəgötürənin təqsiri üzündən əməkhaqqının gecikdirildiyi hallarda qanunvericiliyin tələbləri, eləcə də əməyin mühafizəsinin təşkili qaydaları diqqətə çatdırılıb.

Lənkəranda keçirilən tədbirdə isəiştirakçılara analığın mühafizəsi, qadınların əmək hüquqlarının təmin olunması və gender bərabərliyi ilə bağlı əmək qanunvericiliyinin tələbləri barədə məlumat verilib. Eyni zamanda, iş yerlərində əməyin mühafizəsinin təşkili, əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları və bu sahədə tətbiq olunan dövlət standartları barədə məlumatlar diqqətə çatdırılıb.

Qeyd edilən mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.