Press "Enter" to skip to content

Hüseyn Böyükfırat: “Azərbaycan ilə Urfa arasındakı tarixi bağlar min il əvvələ dayanır

Hüseyn Büyükfırat

Urfa qalasının Uzun Həsən tərəfindən XV əsrdə təmir etdirilməsi, eləcə də onun adı ilə bağlı Hasan Padişah məscidi Ağqoyunlu irsinin Şanlıurfadakı mühüm nümunələri sırasında yer alır

BAYRAQDAR MEDİA – “Azərbaycan ilə Şanlıurfa arasındakı tarixi və mədəni yaxınlıq dərin köklərə malikdir. Azərbaycan ilə Urfa arasındakı tarixi bağlar ən azı min il əvvələ dayanır”.

Bunu Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Böyükfırat deyib.

TÜİB sədri bu ortaq tarixi yaddaşın yalnız müasir münasibətlərlə məhdudlaşmadığını, əsrlər boyu formalaşmış siyasi, mədəni və mənəvi əlaqələrin bu yaxınlığın əsasını təşkil etdiyini vurğulayıb. O, keçirilən tədbirlərin əsas məqsədlərindən birinin Azərbaycan və Şanlıurfa xalqları arasında mövcud olan bu ortaq keçmişi daha geniş auditoriyaya çatdırmaq olduğunu bildirib.

H.Böyükfıratın fikrincə, Şanlıurfanın Azərbaycan tarixi ilə bağlılığını göstərən mühüm məqamlardan biri də orta əsrlərdə bölgədə hakim olmuş Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixidir. Xüsusilə Ağqoyunlu hökmdarı Uzun Həsənin hakimiyyəti dövründə Urfa dövlətin mühüm siyasi və strateji şəhərlərindən biri olub.

Şəhərdə bu tarixi dövrün izlərini bu gün də görmək mümkündür. Urfa qalasının Uzun Həsən tərəfindən XV əsrdə təmir etdirilməsi, eləcə də onun adı ilə bağlı Hasan Padişah məscidi Ağqoyunlu irsinin Şanlıurfadakı mühüm nümunələri sırasında yer alır.

Bu baxımdan Şanlıurfanın Azərbaycanla tarixi əlaqələrindən danışarkən söhbət yalnız coğrafi yaxınlıqdan və müasir qardaşlıq münasibətlərindən getmir. Burada Azərbaycan tarixinin mühüm dövlətçilik mərhələləri ilə Şanlıurfanın siyasi, mədəni və memarlıq tarixinin kəsişdiyi çoxəsrlik bir xətt mövcuddur.

H.Böyükfırat bildirib ki, belə tədbirlər həmin ortaq tarixi və mədəni irsin qarşılıqlı şəkildə tanıdılması, xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.