Press "Enter" to skip to content

ADA-da 20-ci IEEE Beynəlxalq AICT2026 Konfransı

ADA-da 20-ci IEEE Beynəlxalq AICT2026 Konfransı

BAYRAQDAR MEDİA – ADA Universitetində İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimi keçirilib. Oktyabrın 16-dək davam edəcək tədbir müxtəlif ölkələrdən aparıcı alimləri, tədqiqatçıları və sənaye mütəxəssislərini bir araya gətirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Azərbaycanda yeddinci dəfə təşkil olunan konfrans ADA-nın İnformasiya texnologiyaları və mühəndislik fakültəsi, IEEE-nin müvafiq Azərbaycan bölmələri və 11 beynəlxalq tərəfdaş qurumun birgə təşkilatçılığı ilə keçirilir. Tərəfdaşlar sırasında Turin Politexnik Universiteti, Corc Vaşinqton Universiteti, Nazarbayev Universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Qazax-Britaniya Texniki Universiteti, Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti, SDU Universiteti, Nikola Tesla Elektrik Mühəndisliyi İnstitutu və “Alessandro Faedo” İnformasiya Elmləri və Texnologiyaları İnstitutu yer alır. 20 illik yubileyini qeyd edən AICT konfranslar silsiləsi bu il “20 ildir elmi, texnologiyanı və cəmiyyəti birləşdiririk” şüarı altında təşkil olunur. Konfransın əsas məqsədi İKT sahəsində bilik və təcrübə mübadiləsini təşviq etmək, elmi yeniliklərin müzakirəsi, eləcə də akademik dairələrlə sənaye nümayəndələrinin əməkdaşlığı üçün effektiv platforma yaratmaqdır”.

Ardıncı xəbərdə, “açılış mərasimində çıxış edən ADA-nın rektoru, səfir Hafiz Paşayev konfransın və Universitetin 20 illik yubileyləri münasibətilə iştirakçıları, alimləri salamlayaraq təşkilatçılara və qonaqlara təşəkkürünü bildirib. Rektor uzun illərdir keçirilən AICT konfransının uğurunu və tanınmış alimlərin iştirakının tələbələr üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O həmçinin Azərbaycan–İtaliya Universiteti çərçivəsində Turin Universiteti ilə əməkdaşlığın vacibliyinə toxunub. H.Paşayev bildirib ki, 5 illik əməkdaşlığın nəticəsində ADA Universiteti gələn il mühəndislik, o cümlədən elektrik mühəndisliyi üzrə ilk məzunlarını buraxacaq. O, bu istiqamətdə təhsilə xüsusi diqqət yetirildiyini qeyd edərək digər universitetlərlə də tərəfdaşlığa açıq olduqlarını diqqətə çatdırıb. Tədbirin rəsmi hissəsi ADA-nın İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsinin dekanı Abzətdin Adamovun moderatorluğu ilə kompüter elmləri və süni intellekt sahəsində tanınmış alimlərin plenar məruzələri ilə davam edib. Əsas məruzəçilərdən Polşa Elmlər Akademiyasının üzvü və London Kral Kollecinin dəvətli professoru Erol Qelenbe “Süni intellektə optimallaşdırma və simulyasiya prizmasından baxış”, Qazaxıstanın Nazarbayev Universitetinin Ağıllı Sistemlər və Süni İntellekt İnstitutunun professoru Hüseyn Atakan Varol isə “Məhdud Resurslu Mühitlər üçün Generativ Süni İntellekt Modellərinin Yaradılması: Məlumat Dəstinin Hazırlanması, Modelin Təlimi və Xidmət Səviyyəsində Tətbiqi” mövzularında çıxış ediblər” deyə qeyd edilir.

Konfrans çərçivəsində ADA-nın prorektoru Vəfa Kazdal və İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsinin baş müəllimi Cəmaləddin Həsənovun moderatorluğu ilə “Ali təhsildə və elmdə süni intellekt: imkanlar və çağırışlar” və “Aerokosmik Sahədə Çoxnüvəli Klaster Hesablama Arxitekturaları: Yeni Kosmik Erasına Doğru” mövzularında panel müzakirələri də keçirilib. İnteraktiv formatda baş tutan müzakirələrdə aparıcı mütəxəssislər süni intellektin təhsil və elmi tədqiqatlara təsirini, yaratdığı imkanları və qarşıya çıxardığı çağırışları nəzərdən keçirib, təhsil, tədqiqat və innovasiyaların gələcəyinə dair sualları cavablandırıblar.

AICT2026-nın elmi proqramı süni intellekt və maşın təlimi, yüksəkməhsuldarlıqlı hesablamalar, data elmi, kibertəhlükəsizlik, proqram təminatı mühəndisliyi, eləcə də təhsildə, biznesdə və səhiyyədə İKT-nin tətbiqi mövzularını əhatə edir. Konfrans boyunca müxtəlif ölkələrdən olan tədqiqatçılar bu və digər istiqamətlər üzrə elmi nailiyyətlərini və praktiki nəticələrini təqdim edəcəklər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.