Yücel Karauz: Türkiyə-Azərbaycan qardaşlığını qorumaq siyasətçilərin, jurnalistlərin, alimlərin və hər iki ölkənin vətəndaşlarının ortaq məsuliyyətidir
BAYRAQDAR MEDİA – “Azərbaycan-Türkiyə münasibətləri ortaq tarix, dil, mədəniyyət və gələcək baxışı üzərində qurulmuş strateji qardaşlıqdır. Bu birliyin möhkəmlənməsi qarşılıqlı suverenliyə hörmət, milli həssaslıqların anlaşılması və ortaq maraqların qorunmasından asılıdır”.
Bunu BAYRAQDAR MEDİA-ya Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauzun deyib.
Son günlər Azərbaycanda vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələrin Türkiyə mediasında gündəmə gətirilməsi ilə bağlı məsələyə toxunan Y.Karauz bildirib ki, hər bir müstəqil dövlətin öz milli təhsil sistemini, ictimai münasibətlərini və təhlükəsizlik prioritetlərini müəyyənləşdirməsi suveren hüququdur: “Türkiyə-Azərbaycan münasibətlərinin yaxınlığı bir-birinin daxili işlərinə müdaxilə etmək hüququ vermir. Hər iki ölkənin tarixi təcrübəsi və ictimai xüsusiyyətləri fərqlidir. Buna görə də bir ölkənin təhsil modelini digərinə onun özünəməxsus şərtlərini nəzərə almadan meyar kimi təqdim etmək düzgün deyil. Azərbaycan dünyəvi dövlət modelini qəbul edib, din və vicdan azadlığını təmin edən müstəqil ölkədir. Məktəbli geyiminin tənzimlənməsi Azərbaycanın qanunvericiliyi və təhsil siyasəti çərçivəsində nəzərdən keçirilməlidir”.
Türkiyəli general deyib ki, bu məsələdə hər iki ölkənin mediası məsuliyyətli davranmalıdır: “Tənqidlə qərəz, xəbərlə təbliğat arasındakı sərhəd qorunmalıdır. Türkiyədə ayrı-ayrı şəxslərin açıqlamaları və media platformalarında səsləndirilən fikirlər Türkiyə dövlətinin və xalqının Azərbaycana münasibəti kimi təqdim edilməməlidir. Eyni şəkildə, Azərbaycandakı müzakirələr də iki xalq arasındakı qardaşlığın sorğulanmasına əsas verməməlidir”.
Y.Karauz qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri Güney Qafqazın sabitliyi, regional təhlükəsizlik, enerji və nəqliyyat dəhlizləri, eləcə də Türk dünyasının gələcəyi baxımından strateji əhəmiyyət daşıyır: “İki ölkənin ictimaiyyətləri arasında etimadsızlıq yaratmaq istəyən üçüncü tərəflər belə vəziyyətlərdən faydalana bilərlər. Dezinformasiya, saxta hesablar, kontekstdən çıxarılmış görüntülər və təsdiqlənməmiş iddialara qarşı diqqətli olmaq vacibdir. Bununla belə, mümkün xarici müdaxilə iddiaları fərziyyələrlə deyil, konkret fakt və sübutlarla qiymətləndirilməlidir. Cəmiyyətləri qarşı-qarşıya qoymaq istəyən dairələr insanların dini inanclarından, azadlıq, millətçilik və qardaşlıq kimi həssas dəyərlərdən istifadə edə bilərlər. Buna görə də məlumatları yoxlamadan paylaşmaq əvəzinə, hadisələrə sağlam düşüncə və strateji baxışla yanaşmaq lazımdır”.
Müsahibimiz onu da əlavə edib ki, Qarabağın azadlığı uğrunda nümayiş etdirilən həmrəylik, 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, nəqliyyat layihələri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq qardaşlığın konkret strateji təməlləridir.“Həssas məsələlərdə yanlış anlaşılmaların qarşısını almaq üçün dövlət qurumları arasında məlumat mübadiləsi gücləndirilməli, Azərbaycanın dünyəvi təhsil modeli və məktəbli forması ilə bağlı qaydalar ictimaiyyətə aydın şəkildə çatdırılmalıdır. Türkiyə ilə Azərbaycan arasında bəzi məsələlərə fərqli yanaşmaların olması təbiidir. Əsas məsələ bu fərqliliklərin necə idarə olunması və onlardan kimin faydalanmağa çalışmasıdır. Qarşılıqlı suverenliyə, dövlət qurumlarına və milli həssaslıqlara hörmət qardaşlığın qorunmasının əsas şərtlərindəndir”.
“Türkiyə-Azərbaycan qardaşlığını qorumaq siyasətçilərin, jurnalistlərin, alimlərin və hər iki ölkənin vətəndaşlarının ortaq məsuliyyətidir. Türkiyənin güclü olması Azərbaycanın, Azərbaycanın güclü olması Türkiyənin, hər ikisinin güclü olması isə bütün Türk dünyasının strateji qazancıdır. Bizi ayıran hadisələri böyütmək deyil, ortaq tariximizi və maraqlarımızı qorumaq lazımdır. Azərbaycan-Türkiyə qardaşlığı həmrəylik və birlik üzərində qurulub”, – deyə Türkiyəli general sonda bildirib.










İlk şərhi yaza bilərsiniz