BAYRAQDAR MEDİA – Bursa Uludağ Universitetində 2026–2027-ci tədris ilinin açılış mərasimi professor M. Mete Cengiz Mədəniyyət Mərkəzində təşkil olunub. Tədbirdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Efkan Ala, yerli rəsmilər, universitet rəhbərləri, alimlər və digər qonaqlar iştirak ediblər. Mərasimdən əvvəl universitetin Təsviri Sənətlər fakültəsinin tələbə və müəllimlərinin əsərlərindən ibarət sərgi açılıb.
Efkan Ala çıxışında elmi biliklərin inkişafı üçün fikir və düşüncə azadlığının vacibliyini vurğulayıb. O, “Terrorsuz Türkiyə” hədəfi ilə yanaşı, bölgədəki terror problemlərinin də aradan qaldırılmasının əhəmiyyətini qeyd edib. Universitetin rektoru professor Ferudun Yılmaz isə təxminən 60 min tələbəsi olan ali təhsil müəssisəsinin elmi tədqiqatlara, keyfiyyətli təhsilə və texnoloji inkişafa töhfə verməyə davam etdiyini bildirib. O, universitetin akkreditə olunmuş proqramlarının sayının 50-yə çatdığını və ali təhsil müəssisəsinin beynəlxalq elmi nüfuzunu artırmağa çalışdığını deyib.






İlk şərhi yaza bilərsiniz