Press "Enter" to skip to content

QHT-lər üçün təlim keçirilib

Tədbirdən foto

BAYRAQDAR MEDİA – Azərbaycan Milli QHT Forumunun konfrans zalında “QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası” mövzusunda təlim keçirilib. Təlim “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsi çərçivəsində təşkil olunub.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Məlumata əsasən, tədbirin açılışında birliyin sədri Cəsarət Hüseynzadə bildirib ki, QHT-lərin gördüyü işi ictimaiyyətə düzgün çatdırması da onların fəaliyyətinin vacib hissəsidir. Onun sözlərinə görə, sosial mediada paylaşılan bir məlumat dəstəyə ehtiyacı olan insana çatmağa, yeni könüllülər cəlb etməyə və cəmiyyət üçün əhəmiyyətli problemə diqqət yönəltməyə kömək edə bilər. Cəsarət Hüseynzadə qeyd edib ki, bunun üçün QHT-lər kimə müraciət etdiklərini, hansı mesajı çatdırmaq istədiklərini və paylaşımın nəticəsi olaraq nə gözlədiklərini əvvəlcədən müəyyənləşdirməlidirlər.

Təlimçi Bəxtiyar Həsənov rəqəmsal kommunikasiyanın əsasları, sosial media platformalarının təşkilatın məqsədlərinə uyğun seçilməsi və hədəf auditoriyanın müəyyənləşdirilməsi barədə məlumat verib. Kommunikasiya zamanı tez-tez yol verilən səhvlər, auditoriyaya uyğun mesajların hazırlanması və fəaliyyətə çağırışın düzgün ifadə olunması praktiki nümunələr əsasında müzakirə edilib.

Təlimdə təsirli hekayələrin qurulması, təşkilatın vahid vizual üslubunun formalaşdırılması, telefonla video çəkilişi, qısa videolar və Reels üçün ssenari hazırlanması mövzuları da əhatə olunub. İştirakçılar təşkilatlarının fəaliyyətinə uyğun auditoriya xəritəsi, kommunikasiya kanalları və məzmun nümunələri üzərində işləyiblər. Həmçinin həftəlik və aylıq məzmun təqviminin hazırlanması, az resursla keyfiyyətli məzmun istehsalı və bir tədbirdən müxtəlif paylaşım formatlarının yaradılması yolları izah edilib. Faktların yoxlanılması, mənbələrin göstərilməsi və yanlış məlumatlara düzəliş verilməsi qaydalarına diqqət ayrılıb.

İnteraktiv təqdimatlar, fərdi və qrup tapşırıqları ilə keçirilən təlim müzakirə və sual-cavabla başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.