BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüşdə müharibə ilə əlaqədar əlilliyi olan, Agentliyin reabilitasiya müəssisələrində xidmətlərə cəlb edilən 15-ə yaxın şəxs iştirak edib. V.Behbudov qazilərin reabilitasiyası, onların fərdi ehtiyaclarına uyğun dəstək tədbirlərinin həyata keçirilməsi və sosial rifahlarının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışıb. Qeyd edilib ki, postmüharibə dövründə reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 3 min 800-dən çox şəxs reabilitasiya xidmətlərinə cəlb edilib”.
Ardınca xəbərdə, “müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təminatına da xüsusi diqqət yetirilib. Postmüharibə dövründə 500 hərbçiyə 626 yüksək texnologiyalı protez təqdim olunub. Görüş zamanı müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müraciət və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz