“Keyfiyyətli jurnalistikanın ayaqda tutulması üçün əl-ələ verib çalışmalıyıq”
BAYRAQDAR MEDİA – “Süni intellekt bizi həqiqətən də yanlış bir istiqamətə çəkə bilər. O baxımdan ənənəvi jurnalistikanın peşəkar səviyyədə ayaqda tutulması bir zərurətdir. Yəni heç kim deməsin ki, texnologiya əsridir, süni intellekt əsridir və s. Mən burada bir şəkil nümayiş etdirmək istəyirəm. Yeni texnologiyalar başımıza bu oyunları da gətirir. Baxın, bu, mənim şəklimdir. Guya mən xəstə yatağındayam, taun xəstəliyinə tutulmuşam, ölüm ayağındayam. Buradan o adamlara səslənmək istəyirəm: Hamınızın öldüyünü mən görəcəm. Heç biriniz mənim öldüyümü görməyəcəksiniz”.
Bu sözləri Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib.
A.Həsrət vurğulayıb ki, sosial mediada Azərbaycan dövlətinə, dövlətçiliyinə qənim kəsilmiş bir zümrə var: “Adlarını dindar, hicab davakarları qoyublar və cürbəcür iddialarla ortalıqda dolaşırlar. Biz də ağlımızla, intellektimizlə, ədəbimizlə, əxlaqımızla onlara cavab veririk. Bu hələ sizə göstərə biləcəklərimdəndir. Gecə-gündüz bizim videolarımızı kəsib sağda-solda paylaşırlar. Məscidlərdə imamlar Azər Həsrət haqqında söhbət edir. Ölün yerə girin!. Siz ora hansısa jurnalisti, sosial aktiv insanı hədəfə çıxarmaq üçün getmirsiniz. Məsciddir, başınızı salın aşağı dininizlə məşğul olun!. Bax, bu şəkilləri də yayanlar o “dindarlardır” və onlar özəlliklə qonşu dövlətlərdən qidalanırlar. Onlar bizi dövlətə satılmaqda ittiham edirlər. Başının üstündə xarici dövlətin rəhbərinin şəklini asıb onlara köpəklik edənlər bizi öz dövlətimizə satılmaqda ittiham edir. İnsan öz dövlətinə satıla bilər mi? Bu dövlət mənimdir”.
“Ona görə də mən düşünürəm ki, çox hörmətli Media və Yayım Şurası, bundan sonrakı mərhələdə doğrudan da keyfiyyətli, məsuliyyətli jurnalistikanın ayaqda tutulması üçün əl-ələ verib çalışmalıyıq. Başqa yolumuz yoxdur. Biz geri çəkilsək onlar üstümüzə gələcəklər, bizi tapdalayıb keçəcəklər. Onun üçün də hər kəs məsuliyyətini dərk etsin” – deyə o əlavə edib.






İlk şərhi yaza bilərsiniz