BAYRAQDAR MEDİA – 2026-cı il oktyabrın 16-da milli mədəni irs və ailə modeli əsasında art-terapiya təcrübəsi Vaşinqtonda təqdim olunub.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən İctimai Birlikdən daxil olub.

Xəbərdə deyilir ki, ““Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin əsas tərəfdaşlığı ilə həyata keçirdiyi “Art-terapiya: Sağlamlığın və mədəniyyətin keşiyində” layihəsinin Vaşinqton mərhələsi oktyabrın 15-də uğurla başlayıb. Layihənin təqdimatı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünə həsr olunmuş mədəni tədbirlər çərçivəsində həyata keçirilib. Layihənin ilk təqdimatı Vaşinqtonda Amerika Dövlətləri Təşkilatının (OAS) baş qərargahında keçirilən “Oil and Icon” adlı sərgi, konsert və qəbul proqramının sərgi hissəsində baş tutub. Tədbir çərçivəsində İctimai Birliyin layihəsinə aid sənət nümunələri ayrıca ekspozisiya şəklində nümayiş etdirilib. Ekspozisiyanın kuratoru İctimai Birliyin sədri Lalə Sərdarlı olub”.
Bildirilib ki, “təqdim olunan sənət nümunələri tədbir iştirakçılarının marağına səbəb olub. İctimai Birliyin sədri Lalə Sərdarlı və təşkilatın həmtəsisçisi, “Sənətdə yeni texnologiyalar və innovasiyalar” bölməsinin rəhbəri Toğrul Sərdarlı ziyarətçilərin suallarını cavablandıraraq layihənin məqsədi, ailə modeli əsasında formalaşmış art-terapiya təcrübəsi və milli mədəni irsin müasir bədii vasitələrlə yaşadılması yanaşması haqqında məlumat veriblər. Tədbir zamanı Smithsonian İnstitutunun Milli Təbiət Tarixi Muzeyinin tədqiqatçı antropoloqu, Asiya, Avropa və Yaxın Şərq etnologiyası üzrə kuratoru, Asiya Mədəniyyəti Tarixi Proqramının rəhbəri Pol Maykl Teylor (Paul Michael Taylor) da ekspozisiya ilə tanış olub. Onunla əvvəlcədən mövcud olan peşəkar əlaqələr sərgi zamanı birbaşa ünsiyyətlə davam etdirilib. Növbəti günlərdə yaradıcılıq nümunələrinin və mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsi üçün ayrıca görüşün keçirilməsi nəzərdə tutulub”.

Xəbərdə, “layihənin əsas məqsədlərindən biri Azərbaycanda formalaşmış ailə modeli əsasında art-terapiya təcrübəsini müvafiq elmi mühitlərə təqdim etmək, onun elmi əsaslarla araşdırılması və gələcək metodologiyasının inkişafı üçün əməkdaşlıq imkanlarını müzakirə etməkdir.
Layihənin digər mühüm istiqaməti milli mədəni irsin yeni bədii formatda yaşadılmasıdır. İctimai Birliyin yanaşması unudulmaqda olan sənət ənənələrinin, eləcə də müxtəlif səbəblərdən fiziki mövcudluğunu itirmiş tarixi-memarlıq abidələrinin xarakterik elementlərinin tətbiqi sənət nümunələri vasitəsilə müasir bədii ifadə formasında təqdim edilməsini nəzərdə tutur. Bu yanaşma mədəni yaddaşın qorunmasına, irsin öyrənilməsinə və yeni nəsillərə çatdırılmasına xidmət edir. Layihə, eyni zamanda, Azərbaycan sənətinin və ölkəmizdə formalaşmış yaradıcı təcrübənin beynəlxalq auditoriyaya təqdim edilməsi yolu ilə Azərbaycanın mədəniyyət diplomatiyasına töhfə verməyi hədəfləyir” deyə vurğulanıb.
Qeyd edilib ki, “Vaşinqton proqramı oktyabrın 16-da ABŞ–Azərbaycan Ticarət Palatasında (USACC) keçirilən “Azerbaijan Culture Day: Patterns, Colors & Stories” tədbiri ilə davam edir. Proqram çərçivəsində Lalə Sərdarlının layihə haqqında çıxışı və sənət nümunələrinin nümayişi nəzərdə tutulub. Oktyabrın 18-də İctimai Birlik Vaşinqtonda keçiriləcək 24-cü İllik Türk Festivalında da iştirak edəcək. Festivalın QHT-lər üçün ayrılmış bölməsində sənət nümunələrinin nümayişi ilə yanaşı, ziyarətçilərə ailə modeli əsasında formalaşmış art-terapiya təcrübəsi haqqında məlumat veriləcək.

Layihənin Vaşinqton mərhələsi çərçivəsində ABŞ-ın elmi və mədəniyyət qurumları ilə mümkün görüşlər üzrə də müzakirələr aparılır. Bu görüşlərin art-terapiya təcrübəsinin elmi araşdırılması, milli mədəni irsin yeni formatda təqdimatı və gələcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə töhfə verməsi gözlənilir. Vaşinqton təqdimatı İctimai Birliyin art-terapiya təcrübəsini, milli mədəni irsin müasir bədii ifadə imkanlarını və Azərbaycan tətbiqi sənətinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində fəaliyyətini bir araya gətirən layihənin mühüm mərhələsidir”.






İlk şərhi yaza bilərsiniz