Press "Enter" to skip to content

Rəşad Məcid: Türk dünyasının media qurumları ilə təmaslarımız səmərəli oldu

Hər bir fikir mübadiləsi ümumi işimizə fayda verdi

BAYRAQDAR MEDİA – “Mətbuat Şurası Azərbaycan mediasındakı xarakterik peşə prinsipləri pozuntularına dair 18 bəyanat və müraciət qəbul edib. Bu sənədlərin bir çoxu cəmiyyətdə ictimai müzakirə doğurmuş hadisə və proseslərə medianın münasibətindən ibarət olub və jurnalistlərin həmin hadisə və proseslərə yanaşmalarının yolverilməz məqamları diqqətə çatdırılıb. Belə halların yolverilməzliyinə çağırış ifadə olunub”.

Bu sözləri Mətbuat Şurasının sabiq sədri Rəşad Məcid oktyabrın 16-da Azərbaycan jurnalistlərinin IX qurultayında Şuranın hesabatını təqdim edərkən söyləyib.

R.Məcid çıxışı zamanı Media və Yayım Şurasının sədri Əhməd İsmayılova təşəkkürünü bildirib: “Ötən müddətdə Mətbuat Şurasının Əhməd İsmayılovun rəhbərlik etdiyi əvvəlki Medianın İnkişafı Agentliyi, indiki Media və Yayım Şurası ilə sıx əməkdaşlığı olub. Hər iki qurum birlikdə media məkanımızda xarakterik tendensiyaları diqqətdə saxlayıb, ictimai müzakirələr təşkil edib”.

O, hesabat müddətində Mətbuat Şurasının beynəlxalq əlaqələri baxımından kifayət qədər dinamik olduğunu bildirib: “Xüsusən də türk dünyasının media qurumları, jurnalist üzvləri ilə təmaslarımız səmərəli oldu. Ötən dövrdə Mətbuat Şurasında onların çoxsaylı təmsilçiləri, geniş nümayəndə heyətləri ilə 50-dən çox görüş keçirildi. Həmçinin Avropadakı jurnalist birliklərinin, aparıcı beynəlxalq təşkilatların mediaya mənsub təmsilçilərini Şuranın ofisində qəbul etdik. Düşünürəm ki, hər bir fikir mübadiləsi ümumi işimizə fayda verdi. Əlbəttə, beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı qlobal trendlərə qoşulmağa, media sahəsindəki ayrı-ayrı beynəlxalq konfranslarda daha institusional şəkildə iştiraka ehtiyac var. Mətbuat Şurası bu ehtiyacı qarşılamaq üçün öz nəzdində Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzini yaratdı, Mərkəzə rəhbərlik tanınmış telejurnalist Ayaz Mirzəyevə həvalə olundu”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.