Press "Enter" to skip to content

Serdar Ünsal: Azərbaycanın daxili işlərinə qarışmayın, qardaşlığımıza zərər verməyin

Serdar Ünsal

BAYRAQDAR MEDİA – Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədr müavini Serdar Ünsal Azərbaycanın dünyəvi dövlət quruluşu və müstəqilliyi ətrafında aparılan müzakirələrə münasibət bildirərək Türkiyə-Azərbaycan qardaşlığının qorunmasına çağırıb.

Bu barədə yayılan məlumatda deyilir ki, S.Ünsal Azərbaycanın müstəqil, dünyəvi Türk respublikası olduğunu vurğulayaraq başqa ölkələrin öz siyasi və dini baxışlarını Azərbaycana qəbul etdirə bilməyəcəyini bildirib. O, dünyəviliyin dinə düşmənçilik olmadığını, dövlətin hər hansı ideoloji qurumun təsiri altına düşməsinin qarşısını alan təminat olduğunu qeyd edib.

Azərbaycanın siyasətini tənqid etmək hüququnun olduğunu bildirən Ünsal belə tənqidlərin ölkənin suverenliyinə və xalqın seçiminə hörmət çərçivəsində aparılmalı olduğunu deyib. Sosial şəbəkələrdə din adından hökm verənlərə müraciət edən Ünsal heç kimin müstəqil dövlətə öz idarəçilik modelini diktə edə bilməyəcəyini vurğulayıb.

O, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın ortaq tarix, mədəniyyət və milli dəyərlərə söykəndiyini, Qarabağ Zəfəri ilə daha da möhkəmlənən bu əlaqələrin təfriqəçi fikirlərlə zədələnməməli olduğunu bildirib. Ünsal çıxışının sonunda hər iki ölkənin bir-birindən imtina edə bilməyəcəyini qeyd edərək Azərbaycanın müstəqilliyinə, dünyəvi respublikasına və Türk dünyasının birliyinə sahib çıxmağa çağırıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.