1130-Sadık Uca: Türkiyə ilə Azərbaycanın tarixi qardaşlığı gündəlik siyasi hesablaşmalardan üstündür-5
BAYRAQDAR MEDİA – İYİ Partiyasının İğdır vilayət təşkilatının sədri Sadık Uca Türkiyə ilə Azərbaycan arasındakı tarixi qardaşlıq münasibətlərinin gündəlik siyasi maraqlara və təxribatlara qurban verilməməli olduğunu bildirib. O, iki ölkə arasındakı əlaqələrin sosial şəbəkələrdəki manipulyasiyalardan və dar siyasi çəkişmələrdən daha üstün, ortaq tarixə söykənən sarsılmaz tale birliyi olduğunu vurğulayıb.
Bu barədə igdirhaber.net/ saytı məlumat yayıb.
Uca Azərbaycandakı təhsil müəssisələrində tətbiq olunan inzibati qaydalar və geyim normaları ətrafında aparılan müzakirələrə münasibət bildirərək Azərbaycanın öz daxili məsələləri ilə bağlı qərar vermək hüququna malik olduğunu qeyd edib. Onun fikrincə, bu qərarlardan istifadə etməklə həm Azərbaycanda, həm də Türkiyədə məqsədli ictimai rəy formalaşdırmağa cəhd göstərilir.
O, Türkiyədə qardaş ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə biləcək bəyanat və addımların ikitərəfli münasibətlərə zərər vuracağını bildirib. S.Uca bəzi səlahiyyətli şəxslərin düşünülməmiş açıqlamalarının iki ölkənin arasına nifaq salmaq istəyən qüvvələrə fürsət verə biləcəyini deyib.
S.Uca Türkiyənin güclü, sabit və müstəqil Azərbaycanı, Azərbaycanın isə güclü, sabit və müstəqil Türkiyəni arzuladığını vurğulayıb. O, heç bir şəxsin və ya qurumun iki dövlətin arasını vurmasına, xalqların rahatlığını pozmasına imkan verilməməli olduğunu bildirərək təxribatlara qarşı sağlam düşüncə və milli birliyin qorunmasına çağırıb.
https://www.igdirhaber.net/sadik-uca-turkiye-ve-azerbaycanin-tarihi-kardesligi-gunluk-hesaplarin-uzerindedir/71240





İlk şərhi yaza bilərsiniz