Press "Enter" to skip to content

Rəsul İbrahimov: QHT-lərin İnkişaf və Mübadilə Proqramları bir məktəbdir

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, 2026-cı il oktyabrın 15–18-də Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” keçirilib. Xatırladaq ki, Agentlik tərəfindən bu proqramlar 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakıda, 2024-cü ildə Naxçıvan və Şamaxıda, 2025-ci ildə isə Şuşada təşkil olunub. Həmin illərdə ümumilikdə 600 QHT təmsilçisi proqramlarda iştirak edib.

Təlim zamanı
Təlim zamanı

VII İnkişaf və Mübadilə Proqramının iştirakçıları arasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin Baş katibi Rəsul İbrahimov da olub.

Sertifikat təqdim edilərkən
Sertifikat təqdim edilərkən

Təəssüratlarını CASCFEN-in mətbuat xidməti ilə bölüşən Rəsul İbrahimov bildirib ki, proqramda iştirak etmək üçün sentyabrın 21-dən etibarən 10 gün ərzində müraciətlər qəbul olunub. Ümumilikdə 110-a yaxın QHT təmsilçisinin müraciəti qeydə alınıb, seçim nəticəsində isə 100-ə yaxın şəxs proqrama qəbul edilib. Seçim zamanı ilk dəfə iştirak edənlərə, layihələrin hazırlanmasına məsul şəxslərə, QHT sektorunda fəaliyyətə yeni başlayanlara, regionları təmsil edənlərə, xarici dil bilikləri olanlara və sosial media səhifələrini idarə edənlərə üstünlük verilib. Proqrama qəbul olunmağını göstərilən etimadın nümunəsi kimi dəyərləndirən Rəsul İbrahimov Agentliyin rəhbərliyinə minnətdarlığını bildirib.

Proqram iştirakçılarının bir qismi
Proqram iştirakçılarının bir qismi

O qeyd edib ki, proqram çərçivəsində peşəkar ekspertlər QHT nümayəndələrinə layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icranın planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu, hədəf qruplarının müəyyən edilməsi və sosial media ilə iş kimi mövzularda bilik və bacarıqlar aşılayıblar. Praktiki tapşırıqlar isə iştirakçıların nəzəri biliklərini möhkəmləndirməsinə və təcrübə qazanmasına imkan yaradıb.

Rəsul İbrahimovun sözlərinə görə, bu cür proqramlar QHT müsabiqələrində layihələrin hazırlanması və icrası keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verir. O, proqramın açılışında Agentliyin İdarə Heyəti sədrinin müavini Elnur Bağırlının çıxışını, eləcə də təlimçilər Anar Vəliyev və Orxan Nadirovun fəaliyyətini xüsusi vurğulayıb.

Rəsul İbrahimov çıxış edərkən
Rəsul İbrahimov çıxış edərkən

Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyevanın çıxışının isə iştirakçılar üçün motivasiyaedici olduğunu bildirən Rəsul İbrahimov deyib: “Aygün xanımın çıxışı bizim üçün həm də bir çağırış idi. O, QHT təmsilçilərini fəal olmağa, yeni uğurlar qazanmaq üçün daim irəliyə addımlamağa səslədi”.

Proqramın sonunda təlimlərdə uğurlu nəticə göstərən iştirakçılara sertifikatlar təqdim olunub. Gənc iştirakçılardan iki nəfərə təəssüratlarını bölüşmək imkanı yaradılıb. Onlardan birinin özü olmasından məmnunluğunu ifadə edən Rəsul İbrahimov bunu həm Agentlik rəhbərliyinin etimadı, həm də CASCFEN-in üzvlərindən tələb etdiyi fəallıq və təşəbbüskarlığın göstəricisi kimi qiymətləndirib.

Bağlanış mərasimi
Bağlanış mərasimi

O vurğulayıb ki, İnkişaf və Mübadilə Proqramları QHT sektorunun kadr potensialının gücləndirilməsində mühüm rol oynayır: “Bu proqramlar əslində bir məktəbdir. Bu məktəb QHT-lərin ictimai faydalılığının artırılmasına, institusional potensialının gücləndirilməsinə, eləcə də təşkilat nümayəndələrinin bilik və bacarıqlarının inkişafına xidmət edir”.

R.İbrahimov, proqram çərçivəsində iştirakçıların asudə vaxtlarının səmərəli təşkilinə də diqqət yetirildiyini qeyd edib. Təlimlərdən sonra keçirilən bədii proqramlar, maarifləndirici tədbirlər və tarixi mövzularda söhbətlər iştirakçıların dünyagörüşünün genişlənməsinə, fikir mübadiləsi aparmasına və asudə vaxtlarını səmərəli keçirməsinə şərait yaradıb. Proqramın yaddaqalan məqamlarından biri də “Citrus Valley” sitrus meyvə bağlarına təşkil olunan səfər olub.

Beləliklə, proqram iştirakçılara yeni bilik və bacarıqlar qazandırmaqla yanaşı, təcrübə mübadiləsi aparmaq, əlaqələr qurmaq və Lənkəranın iqtisadi-mədəni imkanları ilə tanış olmaq baxımından da əhəmiyyət daşıyıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.