Press "Enter" to skip to content

Özbək dili günündə əlifba islahatı haqqında qanun imzalanıb

BAYRAQDAR MEDİA – Özbəkistan Prezidenti Şavkat Mirziyoyev latın qrafikalı özbək əlifbasının təkmilləşdirilməsini nəzərdə tutan qanunu oktyabrın 21-də – Özbək Dili Günündə imzalayıb. Bu barədə Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva məlumat verib.Yeni qanunla əlifbadakı Oʻ, Gʻ, Sh və Ch yazılışlarının müvafiq olaraq Ö, Ğ, Ş və Ç hərfləri ilə əvəzlənməsi nəzərdə tutulur. Beləliklə, hazırda 26 hərf və üç hərf birləşməsindən ibarət olan əlifbanın 28 hərf və bir kəsilmə işarəsi əsasında yenilənməsi planlaşdırılır. “Ng” birləşməsi isə ayrıca vahid kimi saxlanılacaq.

İslahatın əsas məqsədi özbək dilində yazı qaydalarını sadələşdirmək, savadlılığı artırmaq və dilin rəqəmsal mühitdə istifadəsini asanlaşdırmaqdır. Yeni hərflərin kompüterdə mətnlərin yazılması, internet axtarışları, məlumatların təsnifatı və dil texnologiyalarının inkişafı baxımından üstünlüklər yaradacağı gözlənilir.

Keçid dövründə vətəndaşlara və dövlət qurumlarına əlavə yük düşməməsi üçün mərhələli tətbiq planı hazırlanıb. Mövcud sənədlər, milli valyuta və qiymətli kağızlar qüvvədə qalacaq. Dərsliklər, lövhələr və istiqamət göstəriciləri isə istifadə müddətləri başa çatdıqca yenilənəcək. Yeni əlifba ilə hazırlanmış birinci sinif dərsliklərinin 2027-ci ildən nəşrinə başlanılması, bütün dərsliklərin isə 2031-ci ilədək yenilənməsi nəzərdə tutulur. Qanun rəsmi dərcindən altı ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, əlifbanın təkmilləşdirilməsi təşəbbüsü Saida Mirziyoyevanın 2023-cü il dekabrın 11-də cədidçilik irsinə həsr olunmuş konfransda çıxışı zamanı gündəmə gətirilib. Qanunun Özbək Dili Günündə imzalanması özbək dilinin inkişafı və gələcək nəsillərə ötürülməsi baxımından rəmzi əhəmiyyət daşıyır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.