Press "Enter" to skip to content

Meksika mediası Azərbaycanın tolerantlıq modeli olmasından yazdı

Bayraqdar.info – Meksika ictimaiyyətinin Ermənistanın işağlçılıq siyasətinin nəticələri barədə məlumatlandırılması davam edir. Bu dəfə də Meksikanın aparıcı mediasından olan “El Economista” qəzetində erməni təcavüzü, 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızda Azərbaycanın tarixi-mədəni irsini məhv etmə cəhdləri haqda yazı dərc olunub. Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən verilən məlumata görə, səfir Məmməd Talıbovla müsahibə əsasında hazırlanan yazıda həmçinin regionda münaqişə sonrası durum və Azərbaycanın iqtisadi-sosial inkişafı ilə bağlı fikirlər də əks olunub.

Yazıda Ermənistanın Azərbaycana qarşı Sovet İttifaqı illərində başlayan ərazi iddialarının müstəqillik dövründə ölkəmizin beynəlxalq qaydada tanınmış ərazilərinin işğalına gətirib çıxardığı, işğal edilmiş ərazilərdə və Ermənistanda yaşayan yüz minlərlə soydaşımızın etnik təmizləməyə məruz qaldığı bildirilir. Eyni zamanda 44 günlük müharibə zamanı azad etdiyimiz torpaqlarda xalqımıza aid tarixi-mədəni irsin Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə tamamilə məhvinə cəhd edildiyi qeyd olunur.

Yazıda Prezident İlham Əliyevin sözlərinə istinadən dünyada “neft erasının başa çatdığı” və ölkədə “qara qızılın insan qızılına çevrilməsi” prosesinin uğurla həyata keçirildiyi söylənilir. Bundan başqa, Azərbaycanın eyni zamanda çoxmədəniyyətlilik ənənələri ilə də tanınan bir ölkə olduğu, bu xüsusda Roma papası Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığı vurğulanır.

Sonda Meksika ilə ikitərəfli əlaqələrə toxunulur, hər iki ölkədə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin fəaliyyət göstərdiyi qeyd edilir və səfir M.Talıbovun sözlərinə istinadən münaqişə məsələsində Meksikanın daim beynəlxalq hüquq mövqeyindən çıxış etməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi deyilir.

Mission News Theme by Compete Themes.