Press "Enter" to skip to content

26 Fevral: Unutqan millətin yaddaş sınağı

Senan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Yenə bir 26 Fevral tarixi gəldi… O gecə, o məkan deyildikdə yaddaşlarda qalan bir şəhər, bir ad var: Xocalı.

Əslində bu gün başqa bir mövzu haqqında yazmaq istəyirdim. Lakin tarix 26 fevral olduqda digər məsələni sonraya saxladım.

Məşhur türk milliyyətçilərindən olan Necdet Sevinçin “Duruşmalar” əsəri əsasında 1997-ci ildə Azərbaycan Televiziyasında bir televiziya tamaşası hazırlanmışdı. “Fatehlər divanı” adlı bu tamaşada bir səhnə yaddaşımdadır. Orada Gültəkin, türk millətini nəzərdə tutaraq belə deyir: “Söylədim, dinləmədiniz; daşlara qazıdım, oxumadınız”. Yenə Gültəkinin qardaşı, Göytürk dövlətinin böyük xaqanı Bilgə Xaqan əsrlər öncəsindən bizə belə səslənir: “Türk milləti, toxluğunun qədrini bilməzsən. Aclıq və toxluğu düşünməzsən. Bir doysan, aclığı xatırlamazsan. Elə olduğun üçün, səni bəsləmiş xaqanın sözünü dinləmədən hər yerə getdin. Həmişə orada məhv oldun, yox edildin”.

Göytürk abidələrinə həkk olunan bu sözlər, əslində bizim nə qədər unutqan olduğumuzdan bəhs edir. Bəli, biz çox unutqan bir millətik.

Bundan 34 il əvvəl elə bir dəhşətlə üzləşdik ki, dünya tarixində çox az millət belə vəhşiliyə məruz qalıb. Əlbəttə, bu gün sizə Xocalıda nələrin baş verdiyini danışmayacağam. Yaşananların ən azı bizə görünən tərəfi hər kəsə məlumdur. Bu gün bəhs etmək istədiyim məsələ bizə qarşı bu vəhşiliyi törədənləri unutmamaqdır.

Öncə onu söyləmək istəyirəm ki, hər kəsin ağlına gələn ermənidir. Bəli, erməni bu soyqırımda əsas canidir. Lakin o bunu təkbaşına edə bilməzdi. Onun arxasında əsrlik “dostu” olan Rusiya dayanırdı. Bu soyqırımı bizə erməni ilə birlikdə məhz Rusiya yaşatdı. Eyni ilə əsrlər boyu Tatarıstanda, Çeçenistanda, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Türkmənistanda və digər bölgələrdə yaşatdığı kimi.

Lakin bu gün baxırsan ki, erməniyə qarşı olan nifrətimiz rus dövlətçiliyinə qarşı eyni səviyyədə deyil. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra hətta erməniyə qarşı belə əvvəlki kəskin münasibət qalmayıb. Şəhidlərimizin qanı hələ qurumamış erməni ilə dostluq edənlər, efirdə qucaqlaşanlar var.

Səhv başa düşülməsin. Əlbəttə, dövlətin öz siyasəti var. Onlarla müəyyən əlaqələr qurulmalı, mövcud münasibətlər tənzimlənməlidir. Lakin millət əsla başına gətirilən müsibətləri unutmamalıdır. Millətin yaddaşı, qan yaddaşımız diri qalmalıdır.

Dövlətimiz də bu fikirdədir ki, Qarabağ zəfərindən sonra belə Xocalı təbliğatından geri qalmadı. Hətta bu soyqırımın xatirəsinə Xocalının mərkəzində abidə ucaldılması da bunun bariz nümunəsidir.

Biz irqçi millət deyilik. Harada erməni görsək, “öldürək” demirik. Lakin soyqırım və qətliamlarla üzləşənlərin yaxınları, hətta özləri hələ sağ ikən erməni ilə “dostluq” nümayiş etdirmək insanda ikrah hissi doğurur. Biz erməniyə doğru getməməliyik; əksinə, erməni özünü bağışlatmaq üçün bizə doğru gəlməlidir. O, bağışlanmağa çalışmalıdır.

Amma baxırsan ki, ermənilərin türk düşmənçiliyi azalmaqdansa daha da artır. Fürsət əllərinə keçsə, daha betərini edəcəklər. Bəs bizə nə olub ki, onların bizə etdiklərini unutmağa çalışırıq?

Nə olursa olsun, bizə unutdurmaq istəsələr belə, erməni vəhşiliyini unutmamalıyıq. Xocalı soyqırımı erməni vəhşiliyini unutdurmaq istəyənlərin üzünə dəyən ən böyük şapalaqdır.

Biz unutduğumuz zaman başımıza nələrin gəldiyini 1905-1906-cı illərin hadisələrindən, 31 Mart 1918 soyqırımından, 1948–1953-cü illərin deportasiyalarından və 1980-ci illərdəki məcburi köçlərdən bilirik və bilməliyik.

Bir də elə göstərməyə çalışırlar ki, guya erməni Qarabağı verdi və biz artıq onlarla barışmalıyıq. Xeyr. Ermənilər bizə bir qarış belə torpaq vermədilər. Biz Qarabağı dövlətimizin gücü, millətimizin iradəsi və əsgərlərimizin qanı bahasına aldıq.

Yəbi bu gün dünyanın başqa bölgələrində dəhşət içində izlədiyimiz tükürpədici qətliamların və soyqırımların bizə qarşı da Xocalıda törədildiyini unutmamalıyıq.

Sözümü Aliya İzzətbegoviçin sözləri ilə bitirmək istəyirəm: “Nə edirsiniz edin, amma soyqırımı unutmayın. Çünki unudulan soyqırımı təkrarlanır”.

Mission News Theme by Compete Themes.