Bayraqdar.info – Regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan öz təcavüzkar siyasətindən əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və öz xalqını barışığa hazırlamalıdır.
Bunu Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov həmin ölkənin geniş izləyici auditoriyasına malik “Canal Once” dövlət televiziyasının “Xəbərlər” proqramına müsahibəsində deyib.
Səfirlikdən verilən məlumata əsasən, müsahibəsində regionda münaqişə sonrası durum və Azərbaycanın azad edilmiş ərazilərdəki öncül hədəfləri haqda danışan səfir hazırda ölkəmiz qarşısında duran ən ümdə məqsədlərin buranın yaşayış infrastrukturunun yenidən qurulması və azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıtmasının təmin edilməsi olduğunu bildirib.
Bununla belə, qeyd olunan hədəflərin qısa zamanda reallaşdırılması üçün ciddi maneələrin mövcud olduğu, bu xüsusda 30 ilə yaxın işğal müddətində ərazilərin infrastrukturunun tamamilə dağıdıldığı, tarixi-mədəni irsimizin geniş ölçüdə məhv edildiyi vurğulanıb. Eyni zamanda, burada kütləvi minalanma aparıldığı və hazırda Ermənistanın beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq minalanmış bölgələrin xəritəsini verməkdən boyun qaçırdığı söylənilib.
Müxbirin Almaniya kansleri Angela Merkelin AŞPA-dakı çıxışı zamanı beynəlxalq hüququn fundamental prinsiplərinin pozulmasından danışarkən Qarabağı örnək olaraq göstərməsi ilə bağlı suala münasibətdə Azərbaycanın 30 ilə yaxın bir müddətdə məhz bu vacib məqama diqqət çəkməyə çalışdığı qeyd olunub və davamlı sülhün yeganə yolunun dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi olduğu bildirilib.