Press "Enter" to skip to content

Xalq artisti Arif Quliyev haqqa yürüdü

Son yeniləmə: 7 May 2021 15:02

Bayraqdar.info – Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Tanınmış teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Arif Quliyev 2021-ci il mayın 7-də, ömrünün 71-ci ilində koronavirus xəstəliyindən vəfat edib.

Bu haqda rəsmi məlumatı Mədəniyyət Nazirliyi də təsdiqləyib.

Arif Quliyev

Tanıtma: Arif Əli oğlu Quliyev 1950-ci il mayın 16-da indiki Şirvan şəhərində (Əli Bayramlı) anadan olub.

1965-1968-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun dram və kino aktyorluğu şöbəsində, 1973-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə 1965-ci ildə Mingəçevir Dövlət Dram Teatrında aktyor kimi başlayan Arif Quliyev 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. Bu teatrın səhnəsində müxtəlif xarakterli obrazlar yaradıb.

Onun “Təzə gəlin”də (S.Dağlı, C.Cahangirov) Şərbətəli, “Gözün aydın”da (F.Əmirov, M.Əlizadə) Salyanski, “Durna”da (S.Rüstəmov, S.Rüstəmov) Dursun, “Gurultulu məhəbbət”də (S.Ələsgərov, S.Qədirzadə) Mürsəl, “Özümüz bilərik”də (Ş.Qurbanov, S.Ələsgərov) İbişov, “Hicran”da (S.Rəhman, E.Sabitoğlu) Dursunov, “Ev bizim, sirr bizim”də (Ş.Axundova, N.Gəncəli) Tofiq, “Məşədi İbad”da (Ü.Hacıbəyli) Hambal, “Durnalar qayıdanda” tamaşasında (Hidayət) Mirzəqulu, “Məhəbbət, şeytan və ağ ölüm”də (M.Haqverdiyev) Səbzəli və s. canlandırdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Aktyorun “Şans”, “Bığ əhvalatı”, “Qayınana”, “Lift əhvalatı”, “Yarımştat”, “Evləri köndələn yar” və digər teletamaşalarda yaratdığı rollar da sənətkara böyük tamaşaçı rəğbəti qazandırıb.

Arif Quliyevin “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” bədii filmlərindəki obrazları onun yaradıcılıq potensialının zənginliyini ifadə edir.

Müxtəlif teatrlarda çalışan sənətkarın yaradıcılığı qiymətləndirilib, 1989-cu ildə “Əməkdar artist”, 1993-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. “Humay”, “Qızıl dərviş” mükafatları və “Sənətkar” medalı ilə təltif olunan aktyor Prezidentin fərdi təqaüdçüsü idi.

Qeyd: Məlumatlar açıq mənbələrdən əldə edilib.

Mission News Theme by Compete Themes.