Press "Enter" to skip to content

Bakı metrosu gecə saat 2-dək işləyəcək

Bakı metrosu

Bayraqdar.info – “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, Avro-2020 yarışları dövründə metro gecə saat 2-dək işləyəcək.

“A” qrupunun 3 oyunu (12, 16 və 20 iyun) və 1/4 final matçı (3 iyul) metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa çempionatına akkreditə olunmuş şəxslər metrodan gediş haqqı ödəmədən və müvafiq vəsiqəni təqdim edərək istifadə edə biləcək.

Oyun günləri “Koroğlu” stansiyasında operativ qərargah fəaliyyət göstərəcək. Burada hərəkətin tənzimlənməsinə və digər vacib qərarların verilməsinə şərait yaradılıb.

Məlumatda deyilir ki, gücləndirilmiş iş rejimi qaydasında çalışan metropolitendə müvafiq rəhbər və mütəxəssis heyətindən ibarət operativ mərkəzlər fəaliyyət göstərəcək. Onların fəaliyyəti əsas qərargahdan idarə olunacaq. Müvafiq dövlət strukturları və yarışın təşkilat komitəsi ilə sıx əlaqəli şəkildə BOS-un yaxınlığında yerləşən “Koroğlu” stansiyasına giriş-çıxışın tənzimlənməsi təmin olunacaq.

Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar xəttə çıxarılmağa hazır olacaq. “Koroğlu” stansiyasında sərnişinlərin yönləndirilməsinə zərurət yaranarsa, səsucaldanlardan istifadə ediləcək.

Oyunların keçirildiyi günlərdə metropolitenin 7 stansiyasında (“İçərişəhər”, “Sahil”, “28 May”, Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Nizami”) könüllülər fəaliyyət göstərəcək. Onlar üzərində “Ask me” (Məndən soruş) yazılmış xüsusi geyimlərdə olacaq və qonaqları məlumatlandıracaq, yaranan sualların cavablandırılmasını təmin etmək üçün metropolitençilərə dəstək verəcəklər. Könüllülər sərnişinin yaddaş kitabçası, şəhər və Avropa çempionatı haqqında məlumat və digər vəsaitlərlə təmin ediləcəklər.

QSC-dən bildirilib ki, futbol bayramı ovqatının yaradılması məqsədilə stansiyalarda xüsusi plakatlar və bannerlər yerləşdirilib, monitorlarda çarxlar nümayiş olunur. “Məlumdur ki, çempionatın “A” qrupunda qardaş Türkiyənin də milli futbol komandası çıxış edəcək. Komanda iyun ayının 16-sı və 20-si iki görüşünü BOS-da keçirəcək. Metropoliten qardaş ölkənin futbolçularına dəstəyini də əsirgəməyəcək. “Bir millət, iki dövlət” timsalı ilə Türkiyə millisinə olan sərnişin və azarkeş marağı da xüsusi nəzərə alınıb. Mənəvi dəstəyin ifadəsi olaraq, stansiyalarda “Türkiyə, ürəyimiz səninlə döyünür!” posterləri yerləşdiriləcək”, – deyə məlumatda qeyd olunur.

Metropoliten bayram ovqatını birgə yaşamaq üçün sərnişinlərinə müraciət edərək, istifadə qaydalarına riayət etməyi unutmamağa çağırıb. Metrodan istifadə edərkən COVID-19 pandemiyası ilə əlaqədar ictimai nəqliyyatda metodiki göstərişin tələblərinə ciddi riayət olunması, tibbi maskadan düzgün istifadə olunması vacibdir.

Mission News Theme by Compete Themes.