Press "Enter" to skip to content

Keyfiyyətli və əlçatan internet probleminin həlli vacibdir

Osman Gündüz

Uzun müddətdir ki, ölkədə internetin keyfiyyəti və əlçatanlığı, eyni zamanda qiyməti ilə bağlı ciddi problem var.

Regionlarda internet xidmətində ADSL texnologiya üstünlük təşkil etdiyindən istifadəçilərin “çəkidə aldadılması”, yəni müqavilədəki sürəti əldə edə bilməməsi adi hala çevrilib.

Hər istifadəçiyə düşən orta internet sürətinə görə də vəziyyət qənaətbəxş deyil.

Ötən dövrlərdə bu problemin həlli istiqamətində müəyyən cəhdlər olsa da uğurlu nəticə hələlik yoxdur.

Hökumət yalnız bir dəfə, 2014-cü ildə kompleks şəkildə, bütün ölkə boyu bu problemi həll etmək üçün nəhəng bir proqram hazırlamışdı və büdcədən yarım milyard manat ayrılması nəzərdə tutulmuşdu.

Lakin son anda hökumət büdcə vəsaitini bu problemin həllinə xərcləmək istəmədi və proqram da reallaşmadan qaldı.

Sonradan Nəqliyyat, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin keçmiş rəhbərliyi özəl provayderləri tam kənarlaşdırmaqla yalnız dövlət provayderləri və büdcə vəsaitləri hesabına bu problemi həll etmək istəsə də real nəticə əldə olunmadı.

Bəs yeni rəhbərlik bu problemi hansı formada həll etmək istəyir?

Müşahidələr göstərir ki, son zamanlar özəl provayderlərə qoyulan qadağaların bir çoxu aradan qaldırılıb. Onlar dövlətə məxsus kabel-kanal sistemindən istifadə edə bilirlər.

Lakin görəsən özəl provayderlər əvvəllər olduğu kimi kommersiya baxımından cəlbedici olmayan ərazilərə getmək istəyəcəklərmi?

Bildiyim qədər Nazirlik bütün ölkə böyu bu problemi həll etmək üçün yenidən bir konseptual sənəd – hər bir ərazidə keyfiyyətli və əlçatan internet üçün proqram ortaya çıxarmaq üzərində işləyir.

Bu məqsədlə xarici qurumlar da işə cəlb edilib.

Əsəs prinsip olaraq dövlət-özəl tərəfdaşlığı qəbul edilib.

Yəni, Bakı ətrafı və regionlarda, xüsusən də kəndlərdə internet problemini bu prinsip əsas götürülməklə, dövlət və özəl provayderlərin birgə iştirakı ilə həll etmək nəzərdə tutulub.

Güman etmək olar ki, özəl provayderlərə yalnız kommersiya baxımından cəlbedici olan ərazilərdə deyil, əhali sayı az olan yaşayış məntəqələrində də internet infrastrukturu qurmaq təklif olunacaq.

Görünən odur ki, Nazirlik problemi fiber-optik, GPON, LTE və Wi-Fi (mobil operatorların baza stansiyalarından istifadə etməklə), mobil internetin imkanlarından istiafdə etməklə birdəfləik həll etmək niyyətindədir.

Fikrimcə özəllərin potensialından istifadə edilməsi, müxtəlif ərazilərdə müxtəlif genişzolaqlı texnologiyaların tətbiqi doğru yanaşmadır. Bu addım xüsusilə də regionlarda Aztelekom-un hökmranlığına sona qoya biləcək.

Hazırda, Azərkosmos-un məhdud trafikini nəzərə almasaq, ölkəyə internet iki mərkəzdən daxil olur; yəni iki magistral provayderimiz (Delta Telecom və AzerTelecom) var.

Strateji Yol Xəritəsində daha bir magistral provayderin açılması nəzərdə tutulurdu.

Düşünmək olar ki, Nazirlik Aztelekom-u Holdingin idarəetməsindən çıxarmaqla gələcəkdə bu qurumu gücləndirmək, magistral operatora çevirmək və pərakəndə internet satışı bazarından çıxarmağı nəzərdə tutub.

Eyni zamanda düşünürük ki, Nazirlik ucqar ərazilərdə, kəndlərdə magistral internet inftrastrukturun qurulması prosesinə magistral provayderləri də cəlb etməli, dayanıqlılıq üçün alternativ infrastruktur yaradılmalıdır.

Fikrimizcə, uzun illər oturuşmuş olan Aztelekom və Baktelekom dövlət operatorlarının xüsusi çəkisi, üstün mövqeyi, eyni zamanda son zamanlar daha da aktivləşən daha bir dövlət provayderinin – Azercell dövlət şirkətinə məxsus Azeronline-nın yerlərdə aktivləşməsi sektorda dövlətin xüsusi çəkisini artrmaqla sərbəst və azad rəqabət üçün də ciddi problemlər yarada bilər.

Bu baxımdan hökumət tərəfindən sektorda müstəqil tənzimləyici qurumun tezliklə formalaşdırılmasının çox vacib olduğunu, keyfiyyətsiz xidmət verən provayderlərə qarşı sərt tədbirlərin – cəzaların müəyyən edilməsinin vacibliyini, minimal internet sürəti ilə bağlı meyarların zəruri olduğunu düşünürük.

Firkimizcə, Nazirliyin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında internet problemini birdəfəlik həll etmək niyyəti yalnız müstəqil tənzimləyici qurumun yaradılması ilə daha uğurlu nəticə verə bilər.

Mission News Theme by Compete Themes.