Press "Enter" to skip to content

Hüquq məsləhətxanası: Alınan mallar geri… qaytarılır

Son yeniləmə: 6 İyul 2021 09:28

Bayraqdar.info – Oxucumuz Aynur Sadıqova soruşur: Lazımi keyfiyyətli olmayan mal satıldıqda, alıcı hansı hüquqlara malikdir?

Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə aşağıdakılardan birini tələb edə bilər:

-keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini;
-alış qiymətinin mütənasib surətdə azaldılmasını;
-malın qüsurlarının təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını;
-malın qüsurlarının aradan qaldırılmasını.

Bu tələblərdən hər hansı birini irəli sürə bilmək üçün ilk növbədə, alıcıya lazımi keyfiyyətli olmayan mal satılmalı və malın qüsurları satıcı tərəfindən əvvəlcədən bildirilməmiş olmalıdır.

Azərbaycan Mülki Məcəlləsinin 624.3-cü maddəsinə görə malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər.

Göründüyü kimi, bu maddənin tələbləri elə mallara şamil edilir ki, onların xassələri aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermir. Maddənin özündə belə malların adları çəkilsə də, nəzərə almaq lazımdır ki, bu, qəti siyahı deyil. AR MM-nin 624.4-cü maddəsi alıcı üçün alternativ davranış imkanı müəyyən edir. Belə ki, həmin maddəyə əsasən AR MM-nin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

Qeyd: Cavab Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun “Vəkil məsləhətləri toplusu” kitabına istinadla hazırlanıb.

Mission News Theme by Compete Themes.