Press "Enter" to skip to content

Yol polisindən gecikmiş və yersiz yenilikçilik

Osman Gündüz

Texpasport və ya sürücülük vəsiqəsi sürücünün üzərində olmalıdırmı? Ümumiyyətlə, indiki zamanda bu sənədlər kağız, yoxsa rəqəmsal formada olmalıdır?

Bir neçə gün öncə Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, avtomobillərin qeydiyyat şəhadətnaməsinin (texpasportun) forması yenilənib. Artıq bir neçə gündür ki, sürücülərə yeni texpasport təqdim olunur.

Daha kiçik ölçüyə malik yeni nəsil qeydiyyat şəhadətnaməsinin əsas özəllliyi ondan ibarətdir ki, üzərində elektron daşıyıcı da var ki, nəqliyyat vasitəsinə dair bütün məlumatlar burada öz əksini tapır.

İlk baxışdan görsənir ki, BDYP innovativ bir addım atıb. Amma Azərbaycanın indiki inkişaf səviyyəsinə, inkişaf etmiş, həm də bəzi qonşu ölkələrin təcrübəsinə baxsaq görərik ki, artıq bu tip vəsiqələri də arxivlərə vermək olardı.

İnkişaf etmiş, elə bəzi qonşu ölkələrdə də kağız formada vəsiqələrdən imtina olunur, onları üzərində gəzdirmək məcburi deyil, rəqəmsal vəsiqələrə üstünlük verilir.

Yəni BDYP indiki halda texpasportun ölçüsünü kiçiltməklə onun daşınmasını asanlaşdırmaq prinsipini əsas götürüb.

Halbuki, indiki zamanda prinsip olaraq onun daşınmasından imtinanın, rəqəmsal vəsiqəyə keçidin əsas götürülməsi məntiqli, innovativ və daha effektiv olardı.

Təəssüf ki, cari ildə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik kifayət qədər mücərrəd formada qəbul edilib və sürücünün sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni üzərində gəzdirməli olmasına dair tələbi ləğv etməyib.

Düşünürəm ki, həm qanunvericilikdə, həm də İXM-də adı çəkilən müddəaları ləğv etmək, sürücünün sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni rəqəmsallaşdıraraq onları mütləq üzərində gəzdirməsi tələbini aradan qaldırmaq doğru olardı.

Çünki artıq bütün DYP maşınları bort-kompüterlə təmin edilib. Onlar real rejimdə uyğun informasiya sistemlərinə bağlana bilir və sürücünün şəxsiyyət vəsiqəsi əsasında onu və avtomobili eyniləşdirmək, nəqliyyat vasitəsini idarə etmək hüququ və ya ona sahiblik hüququnu müəyyən etmək imkanları var. İnternetin olmadığı ərazilərdə də polis öz daxili rabitəsi əsasında bunları müəyyən edə bilir.

Düşünürəm ki, yalnız xarici vətəndaş olan sürücülər və xarici avtomobillər üçün kağız formatında sənəd tələb etmək məntiqli olardı.

Ölkədə rəqəmsallaşmanın inkişaf etdiyi indiki zamanda sürücüdən kağız formada sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni tələb etmək, olmadıqda maşını cərimə meydançasına aparmaq yolverilməzdir.

Ümid edirəm ki, DİN, VXSİ Dövlət Agentliyinin eGov Mərkəzi və BDYP yuxarıda qeyd olunanları nəzərə alacaq.

Mission News Theme by Compete Themes.