Press "Enter" to skip to content

Azərbaycan-Türkiyə ortaq “Nisan” filminin təqdimatı olub

Azərbaycan və Türkiyə sənət adamlarının birgə istehsal etdikləri filmdə baş rolu məşhur “Kurtlar Vadisi” serialından tanıdığımız Erhan Ufak (Güllü Erhan) oynayır

Bayraqdar.info – Bu il aprelin 17-də Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi ilə Eslem Film Yapım Şirkəti arasında razılaşma əldə edilib. Razılaşmaya əsasən qardaş Türkiyənin sənət adamlarının təcrübəsindən bəhrələnmək və yeni istedadlı gənclərin yetişdirilərək üzə çıxarılması məqsədilə “Sənət Akademiyası” adlı təhsil mərkəzi təsis edilib.

Bu barədə avqustun 6-da “Hyatt Regency” hotelində keçirilən “Nisan” filminin təqdimat mərasimində bildirilib. Qeyd edilib ki, akademiyanın fəaliyyət istiqaməti mədəniyyətin bütün sahələrini əhatə etməyi hədəfləsə də, ilk addım aktyorluq dərslərindən başlayıb.

Bildirilib ki, artıq bir neçə aydır qardaş Türkiyədən dəvət edilən məşhur sənət adamları azərbaycanlı gənclərlə öz səhnə təcrübələrini bölüşür. Akademiyada aktyorluq dərsləri keçən azərbaycanlı tələbələr bu şansdan maksimum faydalanmağa çalışırlar. Akademiyanın fəaliyyəti təkcə tədrislə kifayətlənmir, eyni zamanda, film və serial istehsalı ilə bağlı da planlamalar hazırlanır. Yəni, bir tərəfdən akademiyada tanınmış türk ulduzları aktyorluq dərsləri keçir, digər tərəfdən də film istehsalı ilə bağlı ciddi çalışmalar aparılır. Məhz buna görə də qısa zaman içərisində Türkiyənin Eslem Film Yapım şirkətinin rəhbəri Erhan Ufak, şirkətin baş koordinatoru Yalçın Çoban, rejissor İbrahim Bülbül və əsas texniki heyət Bakıda çəkilişlərə başlayıb. Yəni, təqdimatı keçirilən “Nisan” filmi yuxarıda bəhs edilən əməkdaşlığın bəhrəsi kimi ortaya çıxıb.

Yaradıcı heyət və aktyorların iştirakı ilə keçirilən təqdimat mərasimində çıxış edənlər film barədə məlumat veriblər. Qeyd edilib ki, Eslem Film Yapım Şirkətinin ilk layihəsi olan və çəkilişləri başa çatmış “Nisan” adlı film artıq hər kəsin marağına səbəb olub. İstehsalçısı və təşəbbüskarı Yalçın Çoban, rejissorluğu isə İbrahim Bülbülə aid olan bu möhtəşəm layihədə hər iki qardaş ölkədən tanınmış aktyorlar çəkiliblər.

Ekran əsərində baş rollarda Türkiyənin dünyaca məşhur “Kurtlar Vadisi” serialından tanıdığımız Erhan Ufak və əslən Makedoniyadan olan Almaniya vətəndaşı Canan Nəzirova yer alıb.

Sonra media nümayəndələrinin sualları cavablandırılıb. Yalçın Çoban bildirib ki, bundan sonra da ortaq layihələr üzərində işləniləcək.

Mission News Theme by Compete Themes.