Press "Enter" to skip to content

Azərbaycanın eneolit və tunc dövrü metallurgiyası barədə əsər

Bayraqdar.info – AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimovanın müəllifi olduğu “Eneolit və tunc dövründə Azərbaycanın metallurgiyası” adlı elmi monoqrafiya nəşr edilib.

Bu barədə bayraqdar.info-ya avqustun 19-da İnstitutun Mətbuat xidmətindən xəbər verilib.

“Rus dilində olan monoqrafiyada, yeni arxeoloji faktlar və kəmiyyət-spektral analiz üsullarının tətbiq edilməsindən söz açılır. Əsərdə elmi dövriyyəyə daxil olmuş elmi-ədəbi materiallar əsasında Azərbaycanın qədim metallurgiyasının inkişafı dinamikasının problemlərindən danışılır.

“Tədqiqat əsərində Qafqazın, Yaxın və Orta Şərqin, həmçinin, Avropanın ayrıca ölkələri ilə geniş müqayisədə qədim Azərbaycanın metal və metallurgiya üzrə tarixi problemlərinin çoxillik tədqiqat nəticələrinin ümumiləşdirilməsi aparılıb.

“Əsərdə Azərbaycanda və Qafqazda eneolit dövründən ilk dəmir dövrünədək təbii mis mənbələri, mis-arsen xəlitələrinin (ərintilərinin), qalayın istifadəsi, qurğuşun və onun qatqılarının qədim Azərbaycan metallurgiyasında peyda olmasından bəhs edilir. Sürmə qatqısının paleometallurgiyada tətbiqi, göstərilən metal və qatqılardan tarixi dövrlər üzrə hazırlanmış maddi mədəniyyət nümunələri, qədim qızıl və gümüş məmulatlarının tərkibi və əyarı barədə geniş məlumat verilib.

“Kitabda Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda aşkar edilmiş müxtəlif dövrlərə aid metal məmulatların şəkilləri, onların dövrə və regiona görə kimyəvi tərkiblərini göstərən cədvəllər yer alıb.
“Əsərin elmi redaktoru tarix elmləri doktoru, professor Hidayət Cəfərov, elmi rəyçiləri t.e.d., professor Qüdrət İsmayılzadə, t.ü.f.d., dosent Səfər Aşurov, t.ü.f.d., dosent Bəxtiyar Cəlilovdur”, – deyə xəbərdə bildirilir.

Xəbərdə o da qeyd edilib ki, monoqrafiya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Şurasının 19 fevral 2018-ci il tarixli iclasının 3 saylı protokoluna əsasən çapa məsləhət görülüb. Əsər arxeoloqlar, tarixçilər, paleometallurgiya mütəxəssisləri, Ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.