Press "Enter" to skip to content

62 il sonra “Koroğlu” operası yenidən lentə alındı

Bayraqdar.info – Azərbaycanın məşhur vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovun təşəbbüsü ilə lentə alınmış Üzeyir Hacıbəylinin məşhur “Koroğlu” operası artıq bütün musiqi platformalarında yer alıb.

Bu barədə bayraqdar.info-ya Heydər Əliyev Sarayının mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Ramil Qasımov bununla bağlı açıqlamasında Azərbaycan klassik opera janrımızın şah əsəri olan “Koroğlu” operasının böyük tarixi bir yol keçdiyini deyib. R.Qasımov daha sonra bildirib: “Məhz, Üzeyir bəyin “Koroğlu” operası müxtəlif illərdə müxtəlif ifaçılar tərəfindən özünəməxsus formada ifa edilmişdir. “Koroğlu” operası sonuncu dəfə 1959-ci ildə böyük Maestro Niyazinin rəhbərliyi altında lentə alınmışdır. Yaradıcı heyyətlə belə bir qərara gəldik ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, xoru və solistləri ilə bu operanı lentə alaq. Düşünürəm ki, bu opera hüdudlarımızdan kənarda Azərbaycan klassik musiqi sevərlərə Üzeyir bəyin əziz xatirəsinə, Milli Musiqi günündə bir töfhə olacaq. Fürsətdən istifadə edib, səs yazılışında iştirak edən bütün yaradıcı kollektivə öz minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, operanın fond yazılışının dirijoru Əməkdar artist Əyyub Quliyev, səs rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Babayev, baş rollarda Əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasiyev, Xalq artisti Əli Əsgərov və Taleh Yəhyəyev ifa ediblər.

Mission News Theme by Compete Themes.