Press "Enter" to skip to content

“Balet, ömrüm mənim” filmi nümayiş olunub

Bayraqdar.info – Festivalın ikinci günü, sentyabrın 19-da Ü.Hacıbəyli adına BMA nəzdində Opera Studiyasının səhnəsində görkəmli baletmeyster, Azərbaycanın xalq artisti Rəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş “Balet, ömrüm mənim” sənədli filminin nümayişi baş tutub. “Dublyaj” kinostudiyasında çəkilən bu sənədli filmin rejissoru Gülər Tokgöz, ssenari müəllifi musiqişünas Rəhilə Abbasova, operatoru Emin Hüseynov, montaj rejissoru Etibar Həsənov, prodüserləri Qafar Məcidov və Aysel Rəcəblidir.

Bu barədə bayraqdar.info-ya sentyabrın 20-də Mədəniyyət Nazirliyindən xəbər verilib.

Xəbərdə bildirilir ki, filmin təqdimatından əvvəl R.Abbasova ssenari müəllifi və auditoriyanı xoş ovqata kökləyən bir natiq qismində çıxış edərək, filmin çəkiliş ideyası, prosesi və bu yaradıcı işdən alınan təəssüratlarını bölüşüb.

““Balet, ömrüm mənim” filmi Azərbaycan balet sənətinin müasir ənənələrinin təməl daşlarını qoymuş iki görkəmli sənətkar və ustad – Rəfiqə Axundova ilə Məqsud Məmmədovun həyat və yaradıcılıq yolunu işıqlandırır. Hər iki artistin uşaqlıq çağları, musiqi və balet təhsili, ilk müəllimlər və tamaşalar, müxtəlif illərdə çalışıb birlikdə işlədikləri baletlər – “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Məhəbbət əfsanəsi”, “Babək”, “Muğam”, “Xəzər balladası” balet tamaşalarından söz açılıb, fraqmentlər göstərilib. Azərbaycan balet sənətinin görkəmli və parlaq ulduz alyansını təşkil edən bu artistlərin sənət dostları, həmkarları – Qara Qarayev, Vladimir Vasilyev, Yuriy Qriqoroviç, Mixail Lavrovskiy, Vyaçeslav Qordeyev, Yaroslav Sex, yazıçı Anar, xalq rəssamı Tahir Salahov, xalq artistləri – dirijor Rauf Abdullayev, Fidan Qasımova və digər həmkarların ürək sözləri ilə rəyləri səslənib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.