Press "Enter" to skip to content

Böyük Britaniyada yaşayan azərbaycanlılar hər zaman fəallıqları ilə seçilir

Bayraqdar.info – Böyük Britaniyada yaşayan azərbaycanlılar hər zaman fəallıqları ilə seçilirlər. İcma nümayədnələri Britaniya siyasi və ictimai dairələrində Azərbaycanın tanıdılması və təbliğinə öz töhfəsini verirlər.

Ölkəmizin Böyük Britaniyadakı səfirliyindən bayraqdar.info-ya verilən məlumata görə, bunu sentyabrın 19-da Londonda keçirilən tədbirdə “Azərbaycan Evi”nin sədri Əli Tekin Atalar deyib.

Bildirilib ki, “Azərbaycan Evi”nin ev sahibliyi ilə keçirilən tədbirdə çoxsaylı icma nümayəndələri, Britaniyadakı Azərbaycan səfirliyinin əməkdaşları, o cümlədən səfir Elin Süleymanov, eləcə də Milli Məclisin deputatı, Azərbaycan parlamentində Britaniya ilə Dostluq Qrupunun sədri Cavanşir Feyziyev bir araya gəlib.

Tədbirdə, həmçinin Britaniyada yaşayan türk icmasının nümayəndələri və Azərbaycanın dostları iştirak edib.
Tədbirdə çıxış edən səfir E.Süleymanov xarici ölkələrdə, o cümlədən Britaniyada yaşayan həmvətənlərimizə Azərbaycana olan bağlılıqlarını qoruyub saxladıqlarına, eləcə də yaşadıqları ölkələrdə ölkəmizin təbliğatı istiqamətində göstərdikləri səy və fədakarlıqlara görə minnətdarlıq bildirib. Səfir, bu xüsusda, uzun illər Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələrinin Britaniyada tanıdılması uğrunda yorulmadan çalışan Ali Atalar və onun timsalında icmamızın digər fəal üzvlərinə xüsusi təşəkkürünü ifadə edib.

Səfir əlavə edib ki, Ali Baş Komandanın liderliyi altında Azərbaycan ordusunun nümayiş etdirdiyi şücaət və mərdlik, eləcə də Azərbaycan xalqının qətiyyət və birliyi sayəsində ölkəmiz Vətən müharibəsində qalib gələrək dünya tarixinə adını müzəffər və qalib ölkə kimi yazdırdı. E.Süleymanov bu tarixi nailiyyətin həmçinin, bundan sonrakı nəsillər üçün yeni məsuliyyət yaratdığını söyləyib. O, Britaniyada yaşayan həmvətənlərimizi bundan sonra da Azərbaycanlıların səsinin Britaniya siyasi və ictimai dairələrinə çatdırılması istiqamətində aktiv olmağa səsləyib.

E.Süleymanov, həmçinin Britaniya da daxil olmaqla dünyanın hər bir yerində Azərbaycan icmasına dəstək verən türk icması nümayəndələrinə xüsusi minnətdarlıq bildirib. Səfir Ümumilli lider Heydər Əliyevin qeyd etdiyi kimi “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin bugün dünyada bir-birinə iki ən yaxın ölkə olduğunu vurğulayıb. E.Süleymanov Azərbaycan icmasının da hər zaman türk qardaşlarımızın yanında olmasının vacibliyinə diqqət çəkib. Səfir Azərbaycan icmasına göstərdikləri dəstəyə görə Pakistan, İsrail və bu kimi digər dost ölkələrin nümayəndələrinə də minnətdarlıq ifadə edib.

Bugün müstəqil, suveren və güclü dövlət olan Azərbaycanda hökm sürən multikultural və tolerant mühitdən söz açan səfir Süleymanov ölkəmizdə dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün xalqların sülh və əmin-amanlıq şəraitində yaşamasından bəhs edib. O, ölkəmizin bu xüsusda dünya dövlətləri üçün parlaq nümunə təşkil etdiyini bildirib.

E.Süleymanov Azərbaycanın Britaniyadakı Səfirliyinin bütün vətəndaş və soydaşlarımızın evi olduğunu və səfirliyin qapılarının onlar üçün daim açıq olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Parlamentində Britaniya ilə Dostluq Qrupunun sədri Cavanşir Feyziyev Britaniyadakı Azərbaycanlı icma nümayəndələrinin indiyədək gördüyü işlər, xüsusən ötən ilki Vətən müharibəsi dövründə həyata keçirdiyi çoxsaylı etiraz aksiyaları və digər tədbirləri xatırladıb.

Mission News Theme by Compete Themes.