Press "Enter" to skip to content

Ağdamda konsert təşkil olunub

Bayraqdar.info – Üzeyir Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalının 6-cı günü Dövlət Rəqs Ansamblı ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin iştirakı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert keçirilib.

Xəbər bayraqdar.info-ya sentyabrın 24-də Mədəniyyət Nazirliyindən verilib.

“Ağdam Muğam Mərkəzində baş tutan tədbirdə Ağdam rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim Xatirə Həsənzadə iştirak ediblər. Onlar Azərbaycan musiqi mədəniyyətinin dahi simalarından olan, klassik musiqi və bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolundan, musiqi mədəniyyəti tariximizə verdiyi əvəzsiz töhfələrdən söz açıblar.

“Təntənəli konsert proqramı milli-xalq və bəstəkarlarımızın əsərlərindən ibarət rəngarəng ifalarla yadda qalıb.

“Konsertin iştirakçıları F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı (baletmeyster Əməkdar artist Ceyhun Qubadov) və baş dirijor, Respublikanın Xalq artisti Ağaverdi Paşayevin idarə etdiyi Dövlət Xalq Çalğı Alətləri Orkestri olub. Milli musiqinin “Uzundərə”, “Naz eləmə”, “Yallı” xalq rəqsləri, “Qarabağ şikəstəsi”, “Evləri var xana-xana” xalq mahnısı kimi inciləri ilə yanaşı, klassik bəstəkarlarımızın müxtəlif janrlı əsərlərinin xalq çalğı alətləri orkestri üçün işləmələri, eləcə də ənənəvi musiqi sənət nümunələri ifa edilib. Ü.Hacıbəylinin “Cəngi” miniatürü, “Bayram süitası”, “Leyli və Məcnun” operasından kompozisiya, “Arşın mal alan” musiqili komediyasından Vəli ilə Tellinin dueti, Müslüm Maqomayevin, Niyazinin, F.Əmirovun, Vasif Adıgözəlovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun əsərlərini tamaşaçılar zövqlə izləyiblər.

“Tanınmış solist ifaçılar və xanəndələr İlkin Əhmədov, Rəvanə Əmiraslanlı, Almaz Orucova, Fəxri Kazım Nicat, klassik müğənnilərdən soprano Nərgiz Kərimova, tenor Taleh Yəhyayev və başqalarının mahir ifaları alqışla qarşılanıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.