Bayraqdar.info – “Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransının keçirilməsi çox önəmlidir. Bu konfransı türk dünyasında artan əməkdaşlığı, elmi əməkdaşlığın və paylaşmanın asanlaşdığı və daha da əhəmiyyətlisi bir zərurətə çevrildiyi qloballaşma şəraitində elmi sahələrə daha çox inteqrasiya etmək səyinin təzahürü olaraq ifadə etmək mümkündür.”
Bunu bayraqdar.info-ya açıqlamasında UNEC-in Türk Dünyası İqtisad Fakültəsi dekanı Prof. Dr. Mehmet Yüce deyib.
Qeyd edək ki, Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı, Türk Dünyası Araştırmaları Vəqfinin təşəbbüsü ilə 2004-cü ildən etibarən hər il keçirillir. Dha doğrusu Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı ilk dəfə 2004-cü ildə Türk Dünyası Araştırmaları Vəqfi, Qırgızıstan İqtisad və Girişimcilik Üniversiteti, Türk Dünyası İşlətmə Fakültəsində, həmin vaxt fakültə dekanı olan Prof .Dr.Mehmet Yüce rəhbərliyi ilə təşkil olunub.
Mehmet Yüce deyib ki, bundan sonra ənənə halı almış konfrans müxtəlif türkdilli ölkələrdə keçirilib:
“Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı 2004 cü ildə Qırgızıstan, sonrakı illərdə isə Qazaxstanda, Azərbaycanda, Makedoniyada, Krımda, Tatarstanda, Türkiyədə təşkil olunub. Bu günə qədər on səkkiz konfrans keçirilib. XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı isə Azərbaycan Dövlət İqtisad Universitetinin ev sahibliyində Türk Dünyası Araşdırmaları Vəqfinin və Sakarya Universitetinin dəstəyi ilə 27-29 sentyabr tarixlərində keçiriləcək”.
M.Yüce əlavə edib ki, bu günə kimi konfransa 169 məqalə təqdim olunub: “Bunlardan 116 məqalə təsdiq olunub. Məqalələrdən 26-sı Azərbaycandan (onlardan 20-si UNEC-in professor-müəllim heyəti tərəfindən təqdim olunub), 49-u Türkiyədən, qalanı isə digər ölkələrdən təqdim edilib”.