Press "Enter" to skip to content

“Xalça sənəti – mənaların təkamülü” adlı sərgi

Bayraqdar.info – Azərbaycan Milli Xalça Muzeyində rəssam Çingiz Babayevin əsərlərindən ibarət “Xalça sənəti – mənaların təkamülü” adlı sərgi açılıb.

Muzeydən bayraqdar.info-ya bu haqda sentyabrın 24-də bildirilib.

Muzeyin direktoru Şirin Məlikova tədbirin əhəmiyyətindən danışıb: “Biz artıq bu gözəl ənənələri bərpa edirik. Bu gün çox gözəl bir sərginin açılışına toplaşmışıq. 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti davamlı olaraq yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən, müasir sənət nümunələri yaradaraq interpretasiya edir. Beləliklə, klassik əsərlər yeni müəllif xalçaları ilə qarşı-qarşıya qoyulur, bununla da məsafələri və zamanı qət edərək onlarla dialoqa girir”.

Bu sərgini Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində 2 ay əvvəl açdıqlarını bildirən Xalça Muzeyinin direktoru diqqətə çatdırıb ki, bu, Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş ilk genişmiqyaslı ekspozisiya olub. Nümayiş olunan bu sərgi tamaşaçılar tərəfindən böyük diqqət və maraqla qarşılanıb: “Biz çox şadıq ki, bu gözəl əsərləri hazırda muzeyimizdə də görmək mümkündür”.

“Tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam, Muzeyin əməkdaşı Məmmədhüseyn Hüseynov, Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını şəxsi yaradıcı təxəllüsü ilə hazırlayan tanınmış rəssam Çingiz Babayeva, sərginin təşkilatçıları və iştirakçılarına təşəkkürlərini bildiriblər.

“Sərgidə Ç.Babayevin yaradıcılıq prosesinin sirlərindən, ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edən sənədli film nümayiş olunub. Qeyd edək ki, “Xalça sənəti – mənaların təkamülü” sərgisi oktyabrın 17-dək davam edəcək”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.