Press "Enter" to skip to content

Azərbaycan filmi Türk Dünyası Film Festivalında mükafat qazanıb

Son yeniləmə: 18 Oktyabr 2021 16:52

Bayraqdar.info – Oktyabrın 15-də İstanbulda VI Türk Dünyası Sənədli Film Festivalının qala gecəsi və mükafatlandırma mərasimi keçirilib.

Oktyabrın 18-də Mədəniyyət Nazirliyindən verilən xəbərdə bu barədə bildirilir.

“Dünya dili türkcə” şüarı altında keçirilən festivala tələbə və peşəkar nominasiyası üzrə “Türk mədəniyyəti” və “Türkün dünyaya baxışı” mövzularında ümumilikdə 13 ölkədən 226 sənədli film təqdim olunub. Tələbə nominasiyası üzrə 10, peşəkar nominasiya üzrə isə 16 film final mərhələsinə keçib. Azərbaycandan festivalın final mərhələsinə “Biz”, “Son sütun”, “Hədiyyə” və “Sonuncu” filmləri keçib.

“Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən hazırlanan “Biz” filmi mükafata layiq görülüb. Qala gecədə “Münsiflər heyəti təşviq” mükafatı Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyevə təqdim edilib.

“41 dəqiqəlik “Biz” tarixi-sənədli filmi Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr olunub. Ekran əsərinin ideya müəllifi və rejissoru Orman Əliyev, prodüseri “Azərbaycanfilm”in direktoru Fariz Əhmədov, operatorları Əli Əliyev və Ziya Babayev, səs rejissoru Azad Vəliyev, redaktorları Ayaz Mirzəyev və İlham Bərxudar, montajçısı isə Əsgər Rəhimovdur.

“Sənədli filmin süjet xəttində müharibə dövründə fenomenə çevrilən, fotosu, videosu ən çox paylaşılan, ən çox müzakirə olunan sadə insanların müsahibələrinə yer verilib. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri – əsgərlər, həkimlər, təqaüdçülər, bloqqer, jurnalistlər danışırlar və həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.

“Qeyd edək ki, festival Türk Dünyası Jurnalistlər Federasiyası, Türk Dünyası Mədəniyyət, İncəsənət və Film Vəqfi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə reallaşıb.

“Festivalda mükafat qazanan filmlər “Dildə birlik – 9 ölkə – 9 şəhər – 1 festival” şüarı ilə doqquz ölkədə nümayiş olunacaq”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.