Press "Enter" to skip to content

Mustafa Kemal Beyazbayram: Bu Zəfər KKTC-də də böyük sevinclə qarşılandı

Son yeniləmə: 3 Noyabr 2021

Bayraqdar.info – “Sözlərimə öncə qardaş Azərbaycan xalqını 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən böyük Zəfər münasibətilə təbrik etməklə başlamaq istəyirəm”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı təmsilçiliyinin rəhbəri Mustafa Kemal Beyazbayram bayraqdar.info-nun “Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsindəki qələbəsini necə dəyərləndirirsiniz və KKTC-də bu qələbə necə qarşılandı” sualını cavablandırarkən deyib.

Diplomat bildirib ki, Azərbaycan Vətən müharibəsində həm hərbi, həm xalqın milli birliyi, həm diplomatiya, həm də təbliğat baxımından xüsusi nümunə göstərdi: “Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 günlük müharibə nəticəsində 30 illik işğala son qoydu. Ermənistan tərəfindən 30 il ərzində işğal altında saxlanılan torpaqların qısa müddət ərzində, cəmi 44 günlük bir dövrdə azad edilməsi bütün dünya tərəfindən təqdir edilməklə yanaşı, türk dünyasında, o cümlədən KKTC-də böyük sevinclə qarşılandı. Onu da deyim ki, müharibənin getdiyi günlərdə xalqımız tərəfindən Azərbaycana mənəvi dəstək verilib. Öz növbəsində Cümhurbaşqanımız Ersin Tatar da bununla bağlı açıqlama və çıxışlarında KKTC olaraq hər zaman bu haqlı davasında Azərbaycan xalqının yanında olduğumuzu və Kıbrıs türk xalqı olaraq sonuna qədər mənəvi dəstəyimizi verməyə davam edəcəyimizi bildirib”.

Mustafa Kemal Beyazbayram onu da bildirib ki, Vətən müharibəsi Azərbaycan üçün önəmli bir dönüş nöqtəsi kimi də dəyərləndirilməlidir: “Yeraltı qaynaqları baxımından zəngin olan Azərbaycan torpaqları Azərbaycanı Qafqaz bölgəsində iqtisadi güc mərkəzinə çevirmişdi. Zəfərdən sonra isə Azərbaycan təkcə iqtisadi baxımdan deyil, siyasi və hərbi baxımdan da bölgə ölkələri arasında ön sıralarda dayanır. Bu Zəfər, həmçinin qardaş Azərbaycan xalqının özünə inamını daha da artıraraq, gələcəyə daha əmin bir şəkildə baxmasına təkan verib. Artıq bu coğrafiyada güclü Azərbaycanın milli maraqlarının nəzərə alınmadığı heç bir əməkdaşlığın və layihələrin həyata keçməsinin mümkün olmayacağını hesab edirəm. Mən güçlü Azərbaycanın həm Türkiyənin, həm türk dünyasının, həm də Kıbrıs türkünün haqlı davasına güç qatdığını söyləsəm, heç də yanlış olmaz”.

Bu Zəfərin əldə edilməsində Türkiyə-Azərbaycan qardaşlığının hansı rolu oynamasına gəlincə, diplomat bildirib: “Vətən müharibəsində əldə edilən Zəfərdə Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin mühüm rol oynadığına inanıram. Azərbaycan ordusu cəbhədə döyüşərkən Türkiyə xalqı və hakimiyyəti mənəvi olaraq daim Azərbaycanın yanında yer alaraq, beynəlxalq arenada Azərbaycanın haqlı davasını müdafiə edərək Ermənistana dəstək vermək düşüncəsində olan Qərb dövlətlərinə buna imkan vermədi. Bu qardaşlıq Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinə də dəstək olub”.

“Türkiyə-Azərbaycan qardaşlığına əsaslanan iki ölkə arasındakı münasibətlərin regionda əbədi sülhün və əməkdaşlığın bərqərar olması üçün vacib olduğunu xüsusi vurğulamaq istərdim. Türkiyə-Azərbaycan qardaşlığının təkcə Qafqaz regionunda deyil, bütün türk coğrafiyasında yönləndirici bir təsirə sahib olduğu bəllidir” -, deyə sonda diplomat vurğulayıb.

Mission News Theme by Compete Themes.