Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri də mexaniki nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki nəzarətinin həyata keçirilməsidir. Həmçinin, daşınar əmlakın reysterinin aparılması, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsidir. Bununla əlaqədar olaraq Agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq Respublikanın bölgələrində monitorinqlər keçirillib, qanunvericiliyin tələblərinə əməl etməyən texnika istifadəçiləri barədə inzibati xəta protokolları tərtib edilib, həmçinin maarifləndirmə tədbirləri həyata kecirilib.
Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, cari ilin yanvar ayından dekabrın 20-dək 7 min 102 ədəd nəqliyyat vasitələri ilkin, 9 min 93 ədədi isə təkrar dövlət qeydiyyatına alınıb. 1 min 379 ədəd nəqliyyat vasitələri uçotdan çıxarılıb, 47 min 652 ədəd nəqliyyat vasitələrinə dövlət texniki baxış keçirilib, 4 min 486 ədəd traktor və digər nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib və 2 min 216 sürücülük vəsiqəsi dəyişdirilib. Eyni zamanda 1 min 600 ədəd inzibati xəta üzrə cərimə protokolları tərtib edilib.
“Bildiririk ki, mövcüd qanunvericiliyin tələblərinə uyğun olaraq Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı ildə bir dəfə həyata keçirilir. Texnika istifadəçiləri nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir.
“Texnika istifadəçilərinin nəzərinə catdırılır ki, mexaniki nəqliyyat vasitələri əldə olunduğu vaxtdan 10 gün müddətinə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmayan və müəyyən edilmiş vaxtda dövlət texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin istismarı qadağandır”, – deyə Nazirliyin məlumatlnda bildirilir.