Bayraqdar.info – Artıq 7-ci gündür ki, Rusiyanın Ukraynaya hücumu davam edir. Dünya bu savaşın durması üçün cəhdlər edir.
Bu arada isə Rusiyanın Ukrayna ilə bağlı daha bir planı gün üzünə çıxıb. Bəlli olub ki, Rusiya Ukraynanın keçmiş prezidenti, xalqın qəzəbindən son andan qurtularaq Moskvaya sığınan Viktor Yanukoviçi “diriltmək” qərarına gəlib.
Milliyet xəbər verir ki, bu planla bağlı Ukrayinska Pravda xəbər və analitika saytı məlumat yayıb. Ukrayna kəşfiyyatına istinad edən saytın iddiasına əsasən Moskva Volodimr Zelinskini məhz 2014-cü ildə Rusiyaya qaçan Viktor Yanukoviçlə əvəzləmək niyyətindədir. Qeyd edilir ki, V.Yanukoviş artıq Minskdədir və yaxın vaxtlarda onun ukraynalılara müraciəti yayıla bilər.
Beləliklə, Rusiya V.Yanukoviçi Ukraynanın yeni lideri kimi elan etməyə hazırlaşır. Bunun nə qədər effektiv olacağı isə sual doğurur. Çünki bu gün rus işğalına qarşı döyüşən Ukrayna vətəndaşlarının Kremlin oyuncağı olan bir şəxsi, həm də 2014-cü ildə prezident kürsüsündən qovduqları bir adamı öz rəhbərləri kimi qəbul edəcəkləri inandırıcı görünmür.





