Bayraqdar.info – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Erdoğanı qəbul edib.
Bayraqdar.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
“Dünya Etnoidman Konfederasiyasının sədri B.Erdoğan Türkiyə Cümhuriyyətinin Prezidenti Recep Tayyip Erdoğanın salamlarını dövlət başçısına çatdırıb.
“Prezident İ.Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını R.T.Erdoğana çatdırmağı xahiş edib.
“Söhbət zamanı Bakıda keçirilən “Ənənəvi idmanın dirçəldilməsi” adlı 5-ci Beynəlxalq Etnoidman Forumunun əhəmiyyəti vurğulandı, onun yüksək səviyyədə təşkil olunduğu bildirilib. Azərbaycan xalqının ənənəvi idman növlərinə böyük marağının olduğu qeyd edilib.
“Görüşdə bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub”, – deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilir ki, sonda Bilal Erdoğan etnoidman növlərinin və oyunlarının dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal dəstəyinə görə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı”nı Prezident İlham Əliyevə təqdim edib.