Bayraqdar.info – Xəbər verildiyi kimi, martın 12-13-də Respublikada tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən martın 10-da bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3 min 553 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 579 imtahan rəhbəri, 4 min 393 nəzarətçi-müəllim, 429 buraxılışı rejimi əməkdaşı (mühafizə), 222 bina nümayəndəsi ayrılıb.
Martın 12-də keçiriləcək imtahanlarda 26 min 697, martın 13-da keçiriləcək imtahanlarda isə 19 min 418 nəfər olmaqla, ümumilikdə 46 min 115 şagirdin iştirakı nəzərdə tutulur.
“İmtahanlarda 36 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.
“Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb”, – deyə xəbərdə bildirilir.