Press "Enter" to skip to content

Meksikanın Deputatlar Palatasında Azərbaycanla dostluq qrupu

Bayraqdar.info – “Meksika ilə Azərbaycan arasında daim dostluq münasibətləri mövcud olub. İki ölkə arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlıq həyata keçirilib”.

Bunu Meksikanın millət vəkili Migel Anxel Peres Navarrete deyib. Qeyd edək ki, Meksika Deputatlar Palatasında Konqresin 65-ci çağırış üzvlərindən ibarət Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun inauqurasiyası mərasimi keçirilib.

Bu barədə bayraqdar.info-ya martın 17-də Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, mərasimdə Meksika Deputatlar Palatasının üzvü, hakim “Morena” partiyasının təmsilçisi və Azərbaycan-Meksika Dostluq Qrupunun sədri deputat Migel Anxel Peres Navarrete, Parlamentin Beynəlxalq Əlaqələr Komissiyasının sədri deputat Alfredo Femat Banyuelos, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov, digər millət vəkilləri, Meksika Xarici İşlər Nazirliyinin,QHT və yerli KİV nümayəndələri iştirak ediblər.

Tədbiri çıxış sözü ilə açan millət vəkili M.A. Peres Azərbaycanı müasir və bərabər hüquqları təşviq edən böyük iqtisadi baxışa malik, bir çox ölkələr üçün nümunə ola biləcək bir ölkə adlandırıb. Millət vəkili, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu qeyd edib. Həmçinin dostluq qrupunun bu münasibətlərin daha da möhkəmləndirilməsinə öz töhvəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Millət vəkili eyni zamanda Azərbaycanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyulduğunu və nəticədə öz ərazi bütövlüyünü bərpa etdiyini xüsusi vurğulayıb. Hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət sayəsində işğaldan azad edilmiş bölgədə intensiv minatəmizləmə və quruculuq işlərinin həyata keçirildiyini bildirib.

Azərbaycanın Meksikadakı səfiri M.Talıbov çıxış edərək, Parlamentlərarası qrupun yaradılmasının iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını deyib. Diplomatik münasibətlərin 30 illik müddəti ərzində ikitərəfli əməkdaşlığın qarşılıqlı hörmət prinsipləri əsasında həyata keçirildiyini, parlamentlərarası əlaqələrinhər zaman nümunəvi olduğunu, hər iki qanunverici orqandakı parlamentlərarası dostluq qrupları arasında ənənəvi görüşlərin keçirildiyini qeyd edib.

Meksika Konqresinin Azərbaycan üçün həssas məsələlərdə həmişə ədalətli mövqe nümayiş etdirdiyini qeyd edən səfir, münaqişə zamanı Meksika Konqresinin daim beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini söyləyib. O, bu xüsusda Konqres tərəfindən Azərbaycana qarşı erməni təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edilməsini xüsusilə vurğulayıb.

Qrupun digər üzvləri də çıxış edərək, coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, iki ölkənin əlaqələrinin daim inkişaf etməsinin məmnunluq doğurduğunu bildiriblər.

Tədbirin sonunda Meksika-Azərbaycan Dostluq Qrupunun inaqurasiyasına dair Protokol aktı imzalanıb.
Tədbirdən sonra qrupun sədri M.A.Peres Navarrete, səfir M.Talıbov və qrupun digər üzvləri Deputatlar Palatasının plenar iclasında iştirak ediblər. İclas zamanı M.Talıbov protokol qaydasına uyğun olaraq, Palatanın prezidenti Serxio Qutyerres Luna tərəfindən salamlanıb. Sonda, səfir M.Talıbovla Palatanın Prezidenti arasında qısa görüş keçirilib.

Tədbir Konqresin rəsmi kanalında canlı yayımlanıb və yerli KİV-lərdə işıqlandırılıb.

Mission News Theme by Compete Themes.