Press "Enter" to skip to content

TAP ilə Avropaya nəql olunan Azərbaycan qazının həcmi

Bayraqdar.info – Azərbaycandan ümumilikdə 10 milyard kubmetr təbii qaz Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropaya daxil olub. 2020-ci ilin dekabrında istifadəyə verilən TAP indiyə kimi Azərbaycan təbii qazının Avropa bazarına artan həcmlərlə fasiləsiz axınını təmin edib.

Bu barədə bayraqdar.info-ya martın 17-də Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bir ildən bir qədər artıq müddətdə Avropaya 10 milyard kubmetr təbii qazın çatdırılması TAP-ın missiyasını uğurla yerinə yetirdiyini göstərir: “Azərbaycanın mənbə, marşrut və bazarların şaxələndirilməsi ilə bağlı siyasəti öz bəhrəsini verir. Hazırda TAP ilə Avropaya gündəlik olaraq 28 milyon kubmetrdən çox qaz nəql olunur. Beləliklə, TAP avropalı istehlakçıların enerji təchizatına töhfələrini gündən-günə artırmaqla bərabər, Azərbaycanın Avropanın qaz bazarına inteqrasiyasını da möhkəmləndirir”.

“Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyan 3500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsidir. 878 kilometr uzunluğa malik TAP boru kəmərinin ötürücülük gücünün 20 milyard kubmetrədək artırılması perspektivləri isənövbəti mərhələdə Avropada Azərbaycan təbii qazının ixrac bazarlarının genişləndirilməsinəimkanlar yaradır”, – deyə, məlumatda qeyd olunur.

Mission News Theme by Compete Themes.