Bayraqdar.info – “Kiyevin bir sıra şəhərlərində işğalçılar sistemli şəkildə yerli əhalini zorakılığa məruz qoyur, məhv edir. Rusiya ordusu dinc insanların kobud və kütləvi məhvinə çalışır. Əgər əvvəllər belə hallar tək-tək olurdusa, indi durum çox pisləşib. Rusiya ordusu məqsədli şəkildə Ukrayna xalqını məhv edir. Bu, soyqırımdır. Belə hallar nəinki onlarla, hətta yüzlərlədir.”
Bu sözlər Ukrayna Prezident Ofisi rəhbərinin məsləhətçisi Oleksiy Arestoviçə aiddir. O, fikirlərini Ukrayna Media Mərkəzindəki brifinq zamanı deyib.
O.Arestoviç əlavə olaraq Rusiya silahlı qüvvələrinin Kiyevdə dinc əhalinin yaşadığı məhəlləni raket atəşinə tutmasının nəticələrini göstərən video da paylaşıb. Videodan açıq görünür ki, heç bir hərbi hədəf rolu olmayan ərazi – məktəb, yaşayış binaları qəfil hücuma məruz qalıb.
Qeyd edək ki, Rusiya fevralın 24-də heç bir müharibə elan etmədən, eyni zamanda xəbərdarlıqsız Ukraynaya təcavüzə başlayıb. Bir neçə günə savaşı qələbəylə bitirəcəyini sanan Rusiya rəhbərliyi hazırda çox çətin durumda qalıb. Ötən 22 gün ərzində Rusiyanın canlı qüvvə itkisi 15 min nəfəri keçib. Eyni zamanda yüzlərlə təyyarə və helikopter, minlərlə ağır texnikasını da itirən “dünyanın 2-ci ən güclü ordusu” Ukrayna xalqının əzmi qarşısında hər keçən gün daha da biabır olur. Ona görə də özünü sığortalamaq və xalqın gözünü qorxutmaq üçün dinc əhalinin kütləvi şəkildə qırılmasına göstəriş verən Rusiya bu əməllərini öz xalqından da gizlədir. Ölkədə total senzura tətbiq edilir, Ukrayna gerçəkləri haqqında ən adi fikrini ifadə edənlər həbsə atılır.
Yeri gəlmişkən onu da deyək ki, bu qısa müddətdə Rusiyanın ən azı 4 generalı, 3 polkovnik və 3 podpolkovniki öldürülüb. Rusiyalı əsgərlər isə ilk fürsətdə silahı atıb Ukrayna müdafiəçilərinə əsir düşməyə üstünlük verirlər.