Press "Enter" to skip to content

Şuşaya həsr edilən sənədli film

Son yeniləmə: 16 İyun 2022 17:01

Bayraqdar.info – “Əsasının qoyulmasının 270 illliyi ərəfəsində Şuşa şəhərinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Prezident İlham Əliyev 5 yanvar 2022-ci il tarixli Sərəncamıyla 2022-ci ili Azərbaycan Respublikasında “Şuşa İli” elan edib. “Bakı Vaxtı Xəbər Portalı” MMC bu yüksək təşəbbüsə qoşularaq, “Şuşa İli” və Şuşanın 270 illik yubileyi münasibətilə “Bu qala bizim qala” sənədli filmini hazırlayıb”.

Bu barədə bayraqdar.info-ya iyunun 16-da “Bakı Vaxtı Xəbər Portalı” MMC-dən məlumat verilib.

Bildirilib ki, ekran əsərində Şuşa şəhərinin tarixindən, coğrafi mövqeyindən, təkrarolunmaz təbiətindən, Şuşa mədəniyyətinin Azərbaycan və dünya mədəni irsinə verdiyi töhfələrdən, həmçinin onun Qarabağ xanlığı dövründən və Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan danışılır.

“Filmdə Şuşa şəhərinin tarixinə qısa nəzər salınır:

-Şuşa qalasının tikilməsi və Qarabağ xanlığının paytaxtı elan edilməsinin Azərbaycanın və türk-islam dünyasının tarixi üçün önəmindən;

-Şuşanın mədəniyyət, təhsil, istirahət və şəfa mərkəzi kimi şöhrət tapdığı əsr yarımlıq bir dövrdən;

-Ermənistan-Azərbaycan münaqişəsinin başlaması ilə Şuşanın təhlükə altına düşdüyü, döyüşdüyü, Ermənistan tərəfindən işğal olunduğu ağır illərdən;

-Azərbaycan xalqının Şuşa həsrəti və Şuşa ümidi ilə yaşadığı 10 min 410 gündən;

-44 günlük müqəddəs Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və silahlı qüvvələrimizin qəhrəmanlığı nəticəsində Şuşa şəhərinin azad olunması ilə düşmən üzərində hərbi qələbəmizin tamamlanmasından;

-Şuşanın və Azərbaycanın Zəfər günü ilə başlanan yeni tarixi yüksəlişindən danışılır.

“Sənədli filmdə qəhrəman Azərbaycan əsgərinin şücaətindən, mərdliyindən, qanları ilə yazdıqları qəhrəmanlıq dastanından da söz açılıb”, – deyə məlumatda vurğulanıb.

Qeyd edilib ki, “Bu qala bizim qala” sənədli filminin ideya müəllifi “Bakı Vaxtı Xəbər Portalı” MMC-nin təsisçisi İqbal Alısoy, ssenari müəllifi Seymur Şahbazov, rejissor Emil Babayev, redaktorlar Qalib İbrahimoğlu və Ramid İbrahimovdur.

Mission News Theme by Compete Themes.