Press "Enter" to skip to content

Bakıda qadınlara bağlı konfrans keçirilib

Konfrans zamanı

Bayraqdar.info – İyulun 15-də “BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının (CEDAW) həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda tədbir keçirilib. Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə əməkdaşlığı çərçivəsində keçirilib.

Agentlikdən bayraqdar.info-ya verilən məlumata görə, tədbirə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova moderatorluq edib: “T.İbrahimova bildirib ki, tədbirin təşkil edilməsində məqsəd cari ilin 16 iyun tarixində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin Cenevrə şəhərində keçirilən 82-ci sessiyasında Azərbaycan Hökumətinin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasının icrasına dair altıncı dövri məruzəsi ilə bağlı CEDAW Komitəsinin yekun tövsiyələri barədə vətəndaş cəmiyyəti institutu nümayəndələrini məlumatlandırmaq, onları bir daha müvafiq sahədə əməkdaşlığa və tövsiyələrin həyata keçirilməsinə töhfə verməyə dəvət etməkdir”.

Məlumata əsasən, sonra açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova konfransın CEDAW Komitəsinin 82-ci sessiyasında 6-cı dövri hesabatının dinlənilməsindən sonrakı prosesə həsr olunduğunu deyib.

Bahar Muradova
Bahar Muradova

B.Muradova bildirib ki, Azərbaycan hökumətinin ötən 7 il ərzində gördüyü işin müzakirəsi olan bu dinləmədə nümayəndə heyəti tərəfindən suallara qaneedici cavablar verilmiş, həmçinin bundan öncəki müzakirənin nəticələri olan tövsiyələrin yerinə yetirilməsi ilə bağlı atılan addımlarla bağlı fikirlər səsləndirilmişdir. Azərbaycan dövlətinin bu istiqamətdə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də mexanizmlərin effektivliyinin artırılması istiqamətindəki səylərinin, eyni zamanda bəzi çatışmazlıqların da mövcud olduğu vurğulanmışdır: “Müzakirə kifayət qədər demokratik, bir-birinə qarşılıqlı hörmət əsasında, konstruktiv məcrada keçdi. Yekun hesabata əsasən Azərbaycanın 6-cı dövri hesabatı birmənalı şəkildə müsbət oldu və bu sahədə həm şifahi həm yazılı cavabları yüksək qiymətləndirildi. Çoxprofilli nümayəndə heyəti ilə təqdim olunması isə xüsusi vurğalandı”.

Daha sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları cəmiyyətin bütün sferalarının inkişafı, tərəqqisi üçün öz layihələri ilə töhfə verməyə çalışırlar: “Agentlik olaraq biz də bütün sahələr üzrə fəaliyyət göstərən QHT-lərin layihələrinə müxtəlif formalarda dəstək oluruq. Bu baxımdan məişət zorakılığı ilə mübarizə, ailə dəyərlərinin təbliği, uşaq hüquqlarının qorunması, qadınlara qarşı ayrı-seçkilik məsələləri də bizim daim gündəmimizdədir və qrant müsabiqələrində mövzu kimi elan edilir”.

Aygün Əliyeva
Aygün Əliyeva

A.Əliyeva qeyd edib ki, 2021-ci il kiçik qrant müsabiqəsində ailə, qadın, uşaq və gender məsələləri istiqaməti üzrə 37 qeyri-hökumət təşkilatının layihəsinə ümumilikdə 330 min manatdan çox vəsait ayrılıbdır. Layihələr çərçivəsində Bakıda və regionlarda 10-larla tədbir keçirilib, müxfəlit maarifləndirmə materialları hazırlanıbdır.

Tədbir çərçivəsində Dövlət Komitəsinin Xarici Əlaqələr və Protokol Xidməti şöbəsinin müdiri Fərid Ədilov “BMT-nin CEDAW Konvensiyasının həyata keçirilməsinə dair 6-cı dövri məruzəsinin yekun tövsiyələri barədə” çıxış edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş Tədqiqat və İnkişaf ” İctimai Birliyinin sədri Günel Səfərova “BMT-nin CEDAW Konvensiyasından irəli gələn tövsiyələrin həyata keçirilməsi ilə bağlı qeyri-hökumət təşkilatlarının layihələrinin dəstəklənməsi” mövzusu üzrə çıxış edib. O, qrant müsabiqələrinə təqdim edilən layihələr barədə məlumat verib və gender məsələlərini əhatə edən layihələrin daha da təlim və tədbirlər ilə məhdudlaşdığını, araşdırmalara çox az yer ayrıldığını, eyni zamanda təşkil edilən təlimlərdə auditoriyanın hər dəfə eyni olmasından məyusluğunu ifadə edib. G.Səfərova eyni zamanda erkən nikahlarla mübarizə istiqamətində keçirilən tədbirlərin daha çox valideynlərə istiqamətlənməsi, onların iştirakının təmin edilməsini vacibliyini vurğulayıb.

BMT-nin CEDAWKomitəsinin sədr müavini Elgün Səfərov vətəndaş cəmiyyəti institutlarının beynəlxalq səviyyədə təmsil olunması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbir qeyri-hökumət təşkilatı nümayəndələrinin iştirakı ilə müzakirələrin aparılması istiqamətində davam edib.

Mission News Theme by Compete Themes.