Press "Enter" to skip to content

Londonda “Leylanın skripkası” təqdim ediləcək

Filmin yaradıcı heyəti

Son yeniləmə: 6 Sentyabr 2022 14:43

BAYRAQDAR MEDİA – Sentyabrın 14-də London şəhərində “Leylanın skripkası” qısametrajlı bədii filminin təqdimat mərasimi keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Komitənin dəstəyi, Amerika Yəhudi İcmasının və Azərbaycanın Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşdiriləcək tədbir İngiltərə paytaxtının tarixi məkanlarından biri olan “Regent Street Cinema”da olacaq: “Tədbir ekran əsərini səsləndirən Azərbaycan şairi Nigar Həsənzadənin moderatorluğu ilə aparılacaq. Tədbir çərçivəsində Azərbaycanın əməkdar rəssamı Mehriban Əfəndinin əsərləri videoçarx formatında “Regent Street Cinema”nın foyesində nümayiş etdiriləcək”.

Qeyd edilib ki, film Azərbaycan-Amerika bəstəkarı, musiqiçisi və yazıçısı Ella Leyanın rejissorluğu ilə çəkilib. Filmin quruluşçu operatoru Nadir Mehdiyev, geyim rəssamı Mehriban Əfəndidir.”Leylanın skripkası” Kaliforniyada yaşayan Leyla adlı qızın anasını axtarmaq üçün onun doğulduğu yerə – Azərbaycana, Quba dağlarında dağ yəhudilərinin qədim yaşayış məskəninə səyahət etməsindən, burada sufi və kabalizm mistikləri ilə tanış olmasından və qırmızı skripkanın ruhu ilə qarşılaşmasından bəhs edir.

Filmdə baş rolları tanınmış azərbaycanlı skripkaçı, Böyük Britaniyada fəaliyyət göstərən “Natavan Qrup”un İdarə Heyətinin üzvü Sabina Rakçeyeva və gənc Hollivud aktrisası Sofiya Rossinski canlandırıblar.

Xatırladaq ki, “Leylanın skripkası” qısametrajlı bədii filmi Monako Film Festivalında “Mələk” (“Angel”) mükafatının qalibi olub.

Mission News Theme by Compete Themes.