Press "Enter" to skip to content

Varşavada musiqi gecəsi

Muğam triosu qonaqlara unudulmaz anlar yaşadıb

Son yeniləmə: 23 Sentyabr 2022 12:02

BAYRAQDAR MEDİA – Polşanın paytaxtı Varşavada “Türk Dünyası Araşdırmaları- Multidissiplinar Perspektivlər” adlı VI Beynəlxalq Türkologiya Konqresi çərçivəsində Azərbaycan musiqi gecəsi keçirilib. Tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin birgə əməkdaşlığı ilə təşkil olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Fonddan məlumat verilib.

Bildirilib ki, tədbirdə səfirlər, türkoloq alimlər, Varşavanın ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər: “Tədbiri giriş sözü ilə açan Varşava Universitetinin Şərqşünaslıq Fakültəsinin Türkologiya və Orta Asiya Xalqları kafedrasının müdiri, Professor Aqata Bareya-Stajinska, Konqres çərçivəsində təşkil olunan musiqi gecələrinin müxtəlif mədəniyyətlərin bir araya gəlməsində mühüm rol oynadığını qeyd edərək, tədbirin təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkür edib”.

Gecədə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, türk dövlətlərinin öz mədəniyyət və incəsənətini təqdim etmələrində önəmli platforma olan Konqresin türk və Avropa xalqları arasındakı əlaqələrin genişlədilməsinə böyük töhfə verəcəyinə inandığını bildirib: “G.Əfəndiyeva tədbirdə Azərbaycanın muğam sənəti haqqında danışaraq, türk dünyasının zəngin mədəni irsindən bəhs edib. O, deyib ki, muğam – improvizasiyadır. Qəlbə anidən dolan ilhamdır. Heyranlıq, məftunluq, təsirdir. G.Əfəndiyeva çıxışında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi nəticəsində muğam sənətinin beynəlxalq miqyasda tanındığını vurğulayıb. Fondun prezidenti 2008-ci ildə Azərbaycan muğamının UNESCO-nun Qeyri-maddi Mədəni irsin Reprezentativ Siyahısına daxil edildiyini bildirib”.

Tədbirdə tarda Rüstəm Müslümovun, kamançada Elnur Salahovun müşayiəti ilə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, solist Nisbət Sədrayevadan ibarət muğam triosu qonaqlara unudulmaz anlar yaşadıb. Gecədə Azərbaycan musiqisi ilə yanaşı, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın və Türkiyənin xalq mahnıları səsləndirlib: “Həmçinin Qarabağın çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin, görkəmli şəxsiyyətlərinin və milli memarlıq abidələrinin əks olunduğu sərgi nümayiş etdirilib. Sonra qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub”.

Mission News Theme by Compete Themes.