Press "Enter" to skip to content

AB-yə üzv olmaq Quzey Makedoniyanın strateji hədəflərindəndir

Elvin Hasan

Elvin Hasan: İnanırıq ki, Bolqarıstanla aramızdakı problemlər tezliklə həll ediləcək

BAYRAQDAR MEDİA – “Son illər dünya düzənində cərəyan edən proseslər bütün regionlara, o cümlədən Balkanlara da öz təsirini göstərib. Təbii ki, Quzey Makedoniya da bu təsirlərdən yan qaça bilməyib. Lakin bu təsirlər tədricən aradan qalxır. Müvafiq addımlar atılır. Sonucda biz bir Avropa ölkəsiyik. Qonşularımız Bolqarıstan və Yunanıstan Avropa Birliyi (AB) üzvüdür. Bizim də tezliklə AB üzvü olacağımıza inanırıq. Avropaya inteqrasiya olunmağımız bizim ən önəmli strateji hədəflərimizidəndir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Quzey Makedoniyanın sabiq naziri, hazırda informasiya və idarəetmə nazirinin müşaviri və bu ölkədəki Türk Hərəkat Partiyası Mərkəzi Yönətim Kurulunun üzvü olan Elvin Hasan deyib.

AB-yə üzvlüklə bağlı prosesin hansı mərhələdə olmasına gəlincə, E.Hasan öncə Bolqarıstandakı son parlament seçkilərinə diqqəti yönəldib: “Bəlli olduğu kimi, oktyabrın 2-də Bolqarıstanda növbəti dəfə parlament seçkiləri keçirildi. Keçmiş Baş nazir Boyko Borisovun partiyası bu seçkilərin qalibi oldu. Qeyd edim ki, bu seçkilər Quzey Makedoniya üçün də önəmlidir. Çünki yuxarıda bəhs etdiyim AB-yə üzvlüklə bağlı problemin həlli üçün Bolqarıstanda da bir qalıcı hökumətin qurulması maraqlarımıza uyğundur. Yəni bir hökumət formalaşdırıldıqdan sonra bizim AB-yə üzvlüklə bağlı Bolqarıstanla aramızda olan bəzi problemlər də müzakirə olunaraq həll edilə bilər”.

Onun sözlərinə görə, Bolqarıstan Quzey Makedoniyanın AB-yə üzvlüyünə veto qoymuşdu: “Bunun nəticəsində Albaniyanın da üzvlük məsələsi təxirə salındı. Hazırda Quzey Makedoniya və Albaniya AB müzakirələrini başladıb. İnanırıq ki, Bolqarıstanla aramızdakı problemlər tezliklə həll ediləcək və Quzey Makedoniya 2030-cu ilə qədər AB-nin tam hüquqlu üzvü olacaq. Hökumətimiz bu istiqamətdə səmərəli fəaliyyət həyata keçirməkdədir. Bolqarıstanla aramızdakı problemlərin həlli üçün müvafiq komissiyalar işləyir və mühüm addımlar atılır. Özü də bu addımlar bütün sahələri əhatə edir. Ümumilikdə, bəhs edilən işlər Bolqarıstanla Quzey Makedoniya arasındakı əlaqələrin daha da güclənməsinə təkan verəcək”.

“Daxildə atılan addımlara gəlincə, qeyd edim ki, Quzey Makedoniyanın sabit bir hökuməti var. Parlamentdə sabit səs çoxluğuna malik hökumət koalisiyası indi diqqəti əhalinin rifah halının daha da yaxşılaşması üçün atılan addımlara yönəldib”, – deyə o, sonda qeyd edib.

Qeyd edək ki, E.Hasanın BAYRAQDAR MEDİA-ya geniş müsahibəsini yaxın günlərdə oxuculara təqdim edəcəyik.

Mission News Theme by Compete Themes.