Yaxud hökumət ortaqları yerli seçkilərdə birlikdə iştirak edə bilər
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) daha bir siyasi proses ərəfəsindədir. Ölkə növbəti seçkilərə hazırlaşır. Söhbət bələdiyyə seçkilərindən gedir.
2022-ci ilin mayında Ünal Üstelin rəhbərliyi ilə qurulan UBP-DP-YDP hökuməti bu seçkilərə yeni seçki qanunu ilə getməkdə israrlıdır. Lakin daha çox seçki islahatı kimi dəyərləndirilən bu addım Avropayanlı müxalifəti qane etmir.
Bir müddət öncə həmin müxalifətin çağırışı ilə keçirilən aksiyalarda da məqsəd prosesə mane olmaq idi. Bununla belə, artıq KKTC-nin bütün partiyaları yerli seçkilərə hazırlaşırlar.
Bu arada bələdiyyə sədri, bələdiyyə məclisi, muxtar və ağsaqqallar məclisi seçkiləri ilə bağlı namizədlərin və namizəd olmaq istəyənlərin sosial mediada verdiyi açıqlamalar getdikcə artır. Bu isə seçkinin əvvəlki dövrlərə nisbətən daha qızğın keçəcəyinə işarə edir.
Bundan başqa, məlumatlara əsasən, daha çox kosmopolit təsiri bağışlayan bəzi müxalifət partiyaları seçkilərdə hakim koalisiyada təmsil olunan partiyaların bələdiyyələrdəki yerlərini qazanmağa çalışır. Bununla da “xalq hökuməti dəstəkləmir” görüntüsü yaradılması planlaşdırılır.
Ancaq sözügedən kəsimin bu istəyi baş tutmaya bilər. Çünki hakim koalisiyanın dekabrın 25-də keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə birlikdə getməsilə bağlı təkliflər səslənməkdədir. Yayılan məlumatlara görə, hökumət ortaqları UBP (Ulusal Birlik Partisi), DP (Demokrat Parti) və YDP (Yeniden Doğuş Partisi) yerli seçkilərdə birlikdə addım atmaq barədə ilkin razılq veriblər. Hətta seçki ittifaqı ilə bağlı bəzi maneələrin aradan qaldırılması üçün 3 partiya arasında qapalı görüşlərin keçirildiyi də iddia edilir.
Hesab edilir ki, bu üç partiyanın bələdiyyə seçkilərinə seçki ittifaqı quraraq qatılması kosmopolit müxalifətin hesablarını poza, həm də mövcud hökumətin əlini bir qədər də gücləndirə bilər. Elə hökumət ortaqlarının təmsilçilərinin məsələyə dair müsbət açıqlamaları da ehtimalların özünü doğrulda biləcəyi qənaətini yaradır. Məsələn, UBP baş katibi Oğuzhan Hasipoğlu mətbuata açıqlamasında DP və YDP ilə koalisiya ortağı olduqlarını və yerli seçkilərdə namizədlərin birlikdə irəli sürülməsi məsələsini dəyərləndirəcəklərini qeyd edib.
YDP sədri Erhan Arıklı isə UBP və DP ilə yerli seçkilərlə bağlı danışıqlar apardıqlarını, birlikdə hərəkət etməkdə bir-iki problem yaşadıqlarını və bu problemlərin tezliklə həll ediləcəyini bildirib. O, problemin müəyyən bölgələrdə namizədlərlə bağlı olduğuna diqqət çəkib. E.Arıklı bəzi bölgələrdə müstəqil namizədlərin dəstəklənəcəyini, UBP-nin bəzi bölgələrdə namizəd göstərəcəyini, DP və YDP namizədlərinin isə bir-iki bölgədə seçkilərdə yarışacağını qeyd edib.
Düzdür, hökumətin digər ortağı DP hələlik bu məsələdə susqunluğunu qoruyur. Ancaq bu partiyanın da seçki ittifaqı məsələsinə müsbət yanaşacağı gözləniləndir. Belə olan təqdirdə isə hakim koalisiya dekabr seçkilərindən əlini gücləndirmiş şəkildə çıxacaq. Bu, bir tərəfdən kosmopolit müxalifətin növbəti məğlubiyyəti olacaqsa, digər tərəfdən də KKTC-nin müstəqil dövlət olmaq xəttinin tərəfdarlarına xalqın daha bir dəstəyi kimi qəbul ediləcək.
Bundan başqa bələdiyyə seçkilərində qalibiyyət hökumətin yerlərdə dayaqlarını daha da gücləndirəcək ki, bu da növbəti parlament seçkilərinə qədər KKTC-yə sabit idarəçilik vəd edir. Heç şübhəsiz, sabitlik digər baxımdan da önəmli ola bilər. Söhbət KKTC-nin siyasi sistemində gözlənilən köklü dəyişikliyə aparacaq siyasi islahatlardan gedir.
Artıq xeyli müddətdir ki, KKTC-də də Türkiyədəki kimi prezident üsul-idarəsinə keçidlə bağlı islahatların reallaşdırılması zərurəti barədə fikirlər səslənir. KKTC İstehlakçılar Dərnəyinin sədri Hasan Yılmaz Işık isə bu ilin martında verdiyi açıqlamada məsələni konkret qoymuşdu. Həmin açıqlamasında o, bəzi siyasətçilərin partiya mənafeyini xalqın mənafeyindən üstün tutduqlarını qeyd edərək, məhz buna görə də mövcud siyasi sistemin, yəni idarəetmə sisteminin dəyişməsinin vacib olduğunu bildirmişdi. Bundan sonra isə yeni sistemə keçidin mümkünlüyü ilə bağlı başqa fikir və ehtimallar da səslənmişdi.
Lakin hesab edirik ki, artıq fikri və ehtimalları dinləməkdən real icraya kerçməyin vaxtıdır. Yəni bələdiyyə seçkilərindən qalib ayrılacağı təqdirdə -buna isə şübhə yoxdur- hakim koalisiya yeni idarəçilik sisteminə, yəni prezident üsul-idarəsinə keçidlə nəticələnəcək islahatları reallaşdırmalağa təkan verməlidir.
[…] KKTC-də sabit gələcəyə doğru növbəti addım […]
[…] KKTC-də sabit gələcəyə doğru növbəti addım […]