BAYRAQDAR MEDİA – “Birləşmiş Millətlər Təşkilatının missiyasını bu məsələyə müdaxilə etməyə və qurulacaq yeni hökumətdə türkmənləri təmsil etmək üçün siyasi partiyalara təzyiq göstərməyə çağırırıq”.
Bu fikirlər Birləşmiş İraq Türkmən Cəbhəsinin bu ölkədəki son siyasi hadisələrlə bağlı mətbuat üçün bəyanatında öz əksini tapıb.
Türkmeneli TV xəbər verir ki, qurumun bəyanatında deyilir: “Cənab Muhammet Şiya Əl-Sudaninin sədrliyi ilə İraq hökumətinin qurulması üçün göstərilən səyləri təqdir etdiyimiz bir vaxtda, Birləşmiş İraq Türkmən Cəbhəsi Siyahısı kimi Əl-Sudani və onun tərəfdarı olan siyasi koalisiyaların İraqın üçüncü əsas ünsürü olan türkmənlərə Nazirlər Kabinetində yer verməmələrini çaşqınlıqla qarşılayırıq. Türkmənlər İraqın birlik və həmrəyliyini təmin etmək üçün terror təşkilatı DEAŞ-ın işğal etdiyi bölgələrin azad edilməsi əməliyyatlarında iştirak edərək, sözügedən bölgələri şəhid qanı ilə suvarmış, böyük mübarizələrə imza atmışlar”.
“Biz siyasi partiyalardan öz mövqelərinə və qiymətləndirmələrinə yenidən baxmağı tələb edirik. Türkmənlərin etnik kimliyini görməməzlikdən gəlmək cəhdlərinin bəzi siyasi partiyaların türkmənlər və türkmən bölgələri ilə bağlı siyasi bazarlıqlarının nəticəsi olduğunun fərqindəyik. Halbuki türkmənlər İraqın birliyinin təminatıdır. Ona görə də biz Baş nazir namizədini dəstəkləyən siyasi koalisiyaları öz tarixlərində belə bir səhvə yol verməməyə çağırırıq”, – deyə daha sonra bildirilib.